Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir V.Şərifov / Azərbaycanın prezidenti İlham Əliyev estoniyalı iş adamlarını azərbaycanlı tərəfdaşları ilə birgə iqtisadi layihələr yerinə yetirməklə yanaşı, dövlət sərmayəsi hesabına reallaşdırılacaq layihələrdə də yaxından iştiraka dəvət etdi. AzərTAc dövlət agentliyi məlumat yayıb.
Şənbə günün Bakıda keçirilən Azərbaycan-Estoniya biznes forumu çıxış edən dövlət başçısı estoniyalı biznesmenlər istər sərmayədar, istərsə də podratçı qismində belə layihələrdə iştirak edə biləcəklərini söylədi.
Azərbaycan prezidenti dövlətin real layihələri hərtərəfli dəstəkləyəcəyini bildirdi. Azərbaycanın müstəqillikdən sonra keçdiyi inkişaf yolunu xarakterizə edərək dedi ki, respublikamız iqtisadi artımın sürətinə görə son 5 ildə dünyada liderdir. Həmin dövrdə ölkəmizdə ümumi daxili məhsul 2,5 dəfədən çox artmışdır. Sənayedə də artım bir o qədər olubdur. 2003-2008-ci illərdə dövlət büdcəsi xərclərinin artımı isə 12 dəfə təşkil edibdir. Dünyada iqtisadi və maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, Azərbaycan 2009-cu və sonrakı illərdə də uğurlu inkişafını davam etdirmək fikirindədir.
Prezident İlham Əliyev vurğuladı ki, respublikamızda istər yerli, istərsə də xarici sərmayələr üçün əlverişli imkanlar yaradıldığını, 2009-cu ilin dövlət büdcəsində 5 milyard manatdan çox məbləğdə dövlət sərmayəsinin nəzərdə tutulduğunu bildirdi.
Prezident Blham Zliyev iqtisadi imkanları artan Azərbaycanın artıq xarici ölkələrə də sərmayə qoyduğunu xatırlatdı, bildirdi ki, indi azərbaycanlı iş adamları da xaricə investisiya yönəltməyə başlamışlar.
"Bir sıra ölkələr Azərbaycandan qat-qat çox neft və qaz ehtiyatlarına malik olsalar da, onlarda Azərbaycandakı səviyyədə inkişaf qeydə alınmayıbdır", prezident İlham Əliyev dedi.
Onun sözlərinə görə, Azərbaycanın uğurlarının kökündə neft və qazdan əldə olunan gəlir hesabına qeyri-neft sektorunun hərtərəfli inkişaf etdirilməsi və mükəmməl iqtisadi siyasət dayanır.
Prezident İlham Əliyev planetdə enerji təhlükəsizliyinin ciddi problemə çevrildiyi indiki vaxtda ölkəmizin Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etdiyini də xüsusi vurğuladı.
Bildirdi ki, Azərbaycan enerji daşıyıcılarının nəqli və qiymət məsələsində istər hasilatçı, istər istehlakçı, istərsə də tranzit ölkələrin maraqlarının ədalətli şəkildə uzlaşdırılmasının tərəfdarıdır.
Dövlətimizin başçısı Azərbaycan Dövlət Neft Fondunun 2007-ci ildə BMT tərəfindən şəffaflığa görə xüsusi mükafata layiq görülməsini, 2008-ci ildə isə Dünya Bankı kimi mötəbər qurumun Azərbaycanı dünyada bir nömrəli islahatçı ölkə elan etməsini vurğuladı.