Fransa, Strasburq, 26 yanvar / Trend , müxbir A.Məhərrəmli/
"Dağlıq Qarabağ münaqişəsinin mənşəyini araşdırmaq, yaranma səbəblərinə qarşı mübarizə aparmaq lazımdır. Avropa Şurası Cənubi Qafqaza çöx böyük maraq göstərir", - bazar ertəsi
Avropa Şurasının (AŞ) Baş katibi Terri Devis Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak edən nümayəndə heyətinin "Dağlıq Qarabağ münaqişəsi zamanı haqları pozulmuş yüzlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi üçün AŞ hansı təsir mexanizmlərini işə sala bilər?" sualına cavabında deyib.
Trend -un arayışı: Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991 - ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Baş katib qeyd edib ki, hər bir münaqişənin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin mənşəyinə getmək, yarandığı səbəblərə qarşı mübarizə aparmaq lazımdır. Bu "üçbucaqlı", yəni üçtərəfli bir münaqişədir. Hər dəfə Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə görüşümdə demişəm ki, danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində aparılmalıdır. Biz AŞ olaraq Minsk qrupunun səylərini dəstəkləyirik. Onları əvəz edə bilmərik. İrəli getmək lazımdır", - Devis əlavə edib.
Onun sözlərinə görə, insan haqları AŞ-nın təməl prinsiplərini təşkil edir. "Həqiqətən , istər Azərbaycanda, istərsə də Ermənistanda yüzlərlə qaçqın və məcburi köçkün var. Bakıya dekabr ayında son səfərim zamanı prezident İlham Əliyevlə görüşümdə münaqişənin həlli istiqamətində irəliləyişin və ümidlərin olmasını hiss etdim. Arzu edərdim ki, bu münaqişə mənim səlahiyyət müddətim bitənə qədər öz həllini tapsın", - AŞ-nın baş katibi bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]