İran prezidenti Mahmud Əhmədinejatın baş müşaviri Muctaba Samara Haşimi ABŞ və İran nümayəndələri arasında rəsmi və qeyri-rəsmi danışıqların aparılması haqda məlumatı təkzib edib.
Amerikanın elmi-tədqiqat mərkəzi Pugwash 2008-ci ildə ABŞ və İran nümayəndələrinin bir neçə dəfə görüşməsi haqda məlumat yayıb. Pugwash elmi-tədqiqat mərkəzinin (ABŞ) direktoru Ceffri Butvell (Jeffrey Boutwell) deyib ki, 2008-ci ildə Avstriya və Hollandiyada ABŞ və İran diplomatları arasında dörd gizli görüş baş tutub.
İran prezidentinin baş müşaviri Haşimi bildirib ki, iki ölkənin bəzi qeyri-hökümət müəssisələri və tədqiqat mərkəzləri arasında bəzən görüşlər keçirilir. "Onlar dövlət səviyyəsində həyata keçirilmir", - İran prezidenti ofisinin press-relizində deyilir.
2008-ci ildə İran, Rusiya, Kanada, Böyük Britaniya, Hollandiya və Avstriya nümayəndələrinin iştirak etdiyi "Qərb və İran arasında münasibətlərin tədqiqatı" mövzusunda iclaslar keçirilib. İran özünün xarici siyasətinin aspektlərini başqa ölkələrə izah etmək imkanı qazanıb. Konfransda amerikalı ekspertlər, elmi-tədqiqat institutlarının rəhbərləri və professorlar iştirak edib.