Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir C.Babayeva/ "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ixtisaslaşdırılmış tədris müəssisələri üçün 40 dəst "InterWrite Learning" interaktiv təqdimat avadanlığı alıb", - İKT üzrə informasiya mərkəzinin cümə axşamı yayılmış məlumatında deyilir.
Rahat istifadə məqsədilə sözügedən texnologiyanı yaratmış eInstruction şirkəti "InterWrite Learning" proqram təminatını Azərbaycan dilinə tərcümə edir. eInstruction şirkətində hesab edirlər ki, proqram təminatının lokallaşdırılması "InterWrite Learning" məhsulunu Azərbaycanda daha da geniş istifadə etməyə imkan verəcək.
InterWrite Learning tədris prosesini səmərəli qurmağa, müxtəlif məlumatları müəllimin kompüterindən interaktiv lövhəyə çıxarmağa imkan verir. Həmin məlumat mətn, qrafik və ya multimedia şəklində ola bilər. İnteraktiv simsiz planşetlərin yardımı ilə şagirdlər sual vermək, müəllimin suallarına cavab vermək və hər hansı bir məsələnin müzakirəsində iştirak etmək imkanlarına malik olurlar. Bununla da müəllim və şagird arasında interaktiv dialoq yaranır ki, bu da müəyyən dərs materiallarının şagirdlər tərəfindən qavranılma və anlama səviyyəsini nəzərəçarpacaq dərəcədə artırır.
InterWrite-ın əsas alıcıları ABŞ-ın tədris ocaqlarıdır. InterWrite-a Fransa Təhsil Nazirliyi də maraq göstərib. Avropanın bir neçə ölkələrinin təhsil nazirlikləri ilə sözügedən avadanlığın tədris ocaqları üçün alınması haqqında danışıqlar aparılır. MDB ölkələrində də bu texnologiyaya böyük maraq müşahidə edilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]