Azərbaycan, Bakı, 16 fevral/ Trend / Azərbaycan prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin bazarertəsi günü imzaladığı sərəncama əsasən Xocalı soyqırımının on yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilib, məlumatı AzərTAc dövlət agentliyi yayıb.
Tədbirlər planına əsasən fevralın 26-da Bakı şəhərinin Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə və Şəhidlər xiyabanı ziyarət ediləcəkdir. Həmçinin, ölkənin bütün ərazisində saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaqdır.
Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə xarici kütləvi informasiya vasitələri, teleradio kanalları və internet şəbəkəsi ilə bu qanlı qırğına həsr olunmuş materialların yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında anma mərasimlərinin keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbirlər planına uyğun olaraq, ölkəmizin televiziya və radiolarında, kütləvi informasiya vasitələrində Xocalı soyqırımı ilə bağlı materiallar veriləcək, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblərdə tədbirlər keçiriləcək, milli azadlıq uğrunda mübarizədən söhbət açan sənədli və bədii filmlər nümayiş olunacaqdır.
Həmçinin, xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda şəhid ailələrinə yardımlar göstəriləcəkdir.