Qırğızıstan, Bişkek, 19 fevral / Trend , R.Мəşədihəsənli/ Qırğızıstanın sənaye, energetika və yanacaq ehtiyatları naziri İlyas Davıdovun dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər çərşənbə günü bu ölkənin Sənaye, Energetika və Yanacaq Ehtiyatları Nazirliyində görüşdə olub. Görüş zamanı hər iki nazir Qırğızıstanın yeraltı təbii qaynaqlarından səmərəli istifadə yollarını ətraflı müzakirə edərək, Türkiyə tərəfin Qırğızıstandakı bir sıra təbii yataqların birgə işlənməsinə sərmayə yatırmaq barədə fikirlərini nəzərdən keçiriblər.
Cümə axşamı isə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Gülərin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində olan millət vəkilləri və iş adamlarının Qırğızıstanın İqtisadiyyat, Elm və Təhsil nazirliklərində, eləcə də Nazirlər Kabineti yanında Dövlət Turizm Komitəsində görüşləri olub. Danışıqlar zamanı əməkdaşlığın genişləndirilməsi və birgə əlaqələrə dair geniş fikir mübadiləsi aparılıb.
Cümə axşamı səhər türkiyəli nazir Qırğızıstan-Türkiyə Manas Universitetini ziyarət edib. Universitetin rektoru doktor, professor Sülayman Kayıpov Orta Asiyanın ikinci Harvard Universiteti hesab olunan təhsil ocağı barədə türkiyəli nazirə məlumat verdi. Trend müxbirinin də iştirak etdiyi universitetin senatında keçirilən görüşdə Türkiyənin Qırğızıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Fatima Serpil Alpman Türkiyə ilə Qırğızıstan arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə aparıldığını bildirib.
Hazırda Türkiyənin enerji və təbii ehtiyatlar naziri Gülərin başçılıq etdiyi nümayəndə heyəti KITİAD-ın (Qırğızıstan-Türkiyə İş Adamları Dərnəyi) təşkil etdiyi naharda iştirak edir.
Cümə günü isə türkiyəli nazirin başçılıq etdiyi nümayəndə heyətinin Qırğızıstan prezidenti Kurbanbek Bakiyevlə görüşü planlaşdırılıb.
Türkiyəli qonaqların Qırğızıstana rəsmi səfəri fevralın 21-də başa çatacaq.