Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir T.Cəfərov/ İran prezidentinin birinci müavini Pərviz Davudi çərşənbə axşamı Əfqanıstan prezidenti ilə görüş keçirib. Görüşdə İran prezidentinin birinci müavini Davudi ölkəsinin Xəvaf-Hirat-Meymənə dəmir yolunun Tacikistana qədər inkişafı üçün maraqlı olduğunu bildirib. "İran bu sahədə Əfqanıstanla müştərək sərmayə yatırmaq niyyətindədir", - deyə Davudi bildirib.
Əfqanıstan prezident aparatının Trend -a göndərilmiş bəyanatına əsasən, Əfqanıstan prezidenti Həmid Kərzai iki ölkə arasında iqtisadi, siyasi və mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsini istəyib.
Davudi bildirib ki, İranın özəl sektoru Əfqanıstanda əkinçilik, heyvandarlıq, enerji istehsalı, dəmir yolunun inkişafı və yol tikintisi sahəsində sərmayə yatırmaq niyyətindədir.
İranın enerji və nəqliyyat nazirləri, təhsil nazirinin müavini, İslami əlaqələr və mədəniyyət təşkilatının sədri və digər rəsmilər İran prezidentinin birinci müavinini Əfqanıstana səfərdə müşaiyət edir.