...

İsrail fələstinlilərə ərazidə güzəştə gedərsə, münaqişənin həllini tezləşdirə bilər

Siyasət Materials 20 Fevral 2009 11:04 (UTC +04:00)
İsrail fələstinlilərə ərazidə güzəştə gedərsə, münaqişənin həllini tezləşdirə bilər

Azərbaycan, Bakı, 19 fevral/ Trend , müxbir B.Həsənov, U.Sadıxova/ İsrailin xarici işlər naziri Tsipi Livni ölkəsinin fələstinlilərə ərazi güzəştlərinə getməli olacağı ilə bağlı verdiyi bəyanata uyğun hərəkət edərsə, İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində ciddi irəliləyişlər ola bilər.

"Livni belə bir bəyanat verməklə İsraildəki digər siyasi liderlərlə müqayisədə sülhün təmin olunmasında önəmli rol oynaya biləcək daha liberal bir mövqe nümayiş etdrir, lakin Livninin bu mövqeyini əməli şəkildə sübut etməsi sülh üçün verilən bəyanatdan daha əhəmiyyətlidir", - deyə Misirin "Əl-Ahram" qəzetinin siyasi icmalçısı Bəşşar Əbdül Fəttah cümə axşamı Qahirədən telefonla Trend -a bildirib.

İsrailin xarici işlər naziri regionda sülhün bərqərar olması üçün ölkəsinin fələstinlilərə ərazi güzəştlərinə getməli olacağını bildirib. Bu haqda Rusiyanın "İnterfaks" agentliyi məlumat verib.

Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə işğal olunmuş Fələstin Ərazilərində İsrail dövlətinin qurulmasını elan etməsindən sonra regionda ərəblər və yəhudilər arasında yeni müharibə ocağı yarandı. İsrailin bir dövlət kimi elan edilməsi fəlsətinlilərin və qonşu ərəb dövlətlərinin maraqlarına zidd olduğu üçün 1968-ci ildə Misirin prezidenti Camal Əbdülnasir İsrilə qarşı müharəbə başladı. İsrailə qarşı müharibəyə daha sonra Suriya və İordaniya da qoşuldu. Lakin ərəb dövlətlərinin İsrail əleyhinə müharibəsi uğursuzluqla nəticələndi və ərəblər əvvəlkindən daha çox ərazi itirdilər.

Azərbaycandan olan müstəqil politoloq Zərdüşt Əlizadə hesab edir ki, Təl-Əviv 1967-ci ildə işğal etdiyi ərazilərdən geri çəkilərsə, İsraili tanımaq istəməyən radikal ərəb ölkələrinin mövqeyində də dəyişikik ola bilər. Ekspertin fikrincə, Livninin bəyanatı Yaxın Şərqdə sülhün təmin edilməsi istiqamətində atılan addımlardan biridir. "Livninin bu bəyanatı sülh üçün atılan real addım kimi qiymətləndirilə bilər və gec-tez fələstinlilər də bu təklifi qəbul edəcəklər", - deyə Əlizadə bildirib.

İsrailli ekspert Yefraim İnbarın fikrincə, Livninin bəyanatı danışıqlarda fələstinlilərə güzəştə getmək istəyinin təzahürüdür. O hesab edir ki, İsrailin 1967-ci ildən əvvəlki sərhədlərinə qayıtması məsələsi müzakirə edilə bilər, lakin bir şərtlə ki, danışıqlara yaşayış məskənlərinin statusu da daxil edilsin.

ABŞ-ın Anapolis şəhərində 2007-ci ilin noyabr ayında Fəlsətin Adminstrasiyası ilə İsrail arasında keçirilin sülh danışıqlarında əsas müzakirə obyektindən biri də Fələstin ərasilərində qeyri-qanuni tikilən yaşayış məskunlarının statusu olub.

İsrailli ekspert sülh prosesinin önündə bəzi ciddi maneələr olduğunu da vurğulayıb. "HAMAS-ın fələstinliləri radikallaşdırması sülhün gələcəyini sual altında qoyur. Bundan başqa, fələstinlilər danışıqlar mövzusu olmayan Qüds şəhərinə də iddialıdırlar", - deyə Beqin Sadat Universitetinin direktoru İnbar cümə axşamı elektron poçtla Qüdsdən Trend -a bildirib.

Ərəb-İngilis Dialoqu Mərkəzinin direktoru Kris Doyl (Director of the Council for the Advancement of Arab-British Understanding (CAABU) Chris Doyle) hesab edir ki, Livninin bəyanatı ölkə daxili siyasətə hesablanıb. "Əvvəllər də İsrail tərəfi buna bənzər bəyanatlar verib. Lakin Təl-Əviv bu bəyanatlara heç vaxt əməl etməyib", - deyə Doyl cümə axşamı Londondan  telefonla Trend -a bildirib.

Ekspertin fikrincə, İsrail 1967-ci ildən əvvəlki sərhədlərinə çəkilsə belə, bir sıra ciddi problemlər davam edəcək. "O ərazilərdə nəzarəti təmin etmək çox çətindir. Ərazilər qaytarılsa belə, daha sonra onların necə idarə olunacağı ciddi problemlərdən biridir", - deyə Doyl  əlavə edib.

Misirli ekspert Bəşşar Əbdül Fəttah da hesab edir ki, Livninin bəyanatı ölkə daxili siyasi vəziyyətlə əlaqədar verilib. Ekspertin fikrincə, İsraildə öz planlarının daha kəsərli olduğunu sübut etməyə çalışan digər siyasi liderlər də var və Livni onlardan fərqli olaraq daha liberal bəyanatlar verməklə seçkidən sonra ölkədə öz mövqeyini möhkəmləndirməyə çalışır. "Livni Liberman və Netanyahodan daha liberal olduğunu göstərmək istəyir, lakin o, bu mövqeyini əməli şəkildə sübut etməlidir", - deyə Fəttah bildirib.

Məqalənin hazırlanmasında R.Hafizoglu (Bakı) iştirak edib.

Xəbər lenti

Xəbər lenti