...

UNRWA HƏMAS-la əməkdaşlıq etmir

Siyasət Materials 28 Fevral 2009 09:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir Ü.Sadıxova / UNRWA-nın Fələstindəki əlaqələr şöbəsinin rəhbəri Sami Muşaşa (Sami Mushasha) bildirib ki, İsrailin, BMT-nin fələstinli qaçqınlara kömək agentliyi olan UNRWA-nı HƏMAS-la əməkdaşlıqda günahlandırması əsassızdır.
"UNRWA siyasi problemlərə və İsraillə fələstinlilər arasında Qəzzanın qərb sahilindəki təhlükəsizlik məsələlərinə müdaxilə etmir. Bizim məqsədimiz fələstinlilərə humanitar yardım göstərməkdir", - Trend -la telefon bağlantısı zamanı Yerusəlimdən (Qüds) Muşaşa bildirib.
İsrailin "Jerusalem Post" qəzeti yazır ki, İsrail hökuməti fələstinlilərə yardım üzrə BMT Agentliyini İsrailə qarşı mübarizədə HƏMAS-la işbirliyində və fələstin hərəkatı üzvlərinin məktublarını ötən həftə regiona səfər etmiş ABŞ xarici əlaqələr komitəsinin sədri Con Kerriyə çatdırmaqda günahlandırıb.
Buna baxmayaraq, Kerri və HƏMAS təşkilatının nümayəndələri heç bir məktubun olmadığını bildirib.
"İsrailin ittihamları ictimayyətdə mənfi rəy formalaşdırdığından UNRWA-nın adına xələl gətirir", - Muşaşa deyib.
Muşaşanın sözlərinə görə, Qəzzada humanitar problemlər tədricən həllini tapsa da, İsrailin sərhədləri bağlaması ucbatından mövcud problem həllini tam olaraq tapmayıb.
Xatırladaq ki, ötən həftə İsrail hökuməti 22 gün sürən hərbi əməliyyatlar nəticəsində dağılmış binaların bərpası üçün nəzərdə tutulan tikinti materiallarının əraziyə çatdırılmasını qadağan etmişdi.
İsrailin həyata keçirdiyi yerüstü və hava hərbi əməliyyatları nəticəsində 1300 fələstinli dünyasını dəyişmiş, 5500 nəfəri isə yaralanmışdı.
İsrail tərəfinin itkiləri isə 10 hərbiçi və 4 dinc sakin olmaqla 14 nəfər təşkil edib.
"İsrailin Qəzzanın bərpası üçün şüşə, sement və dəmirin əraziyə buraxmaması əhalinin (Qəzza əhalisi) səfalət içində qalacağından xəbər verir. Bu, regionda yeni etiraz dalğasına səbəb ola bilər", - Muşaşa vurğulayıb. 
Ötən il ərzində İsrailin Qəzzayla sərhədləri bağlaması səbəbindən HƏMAS "Kassam" tipli raketlərlə İsrailin cənub regionlarını atəşə tutub.
"Lakin, İsrail 20 aydır ki, 93 mln. dollar dəyərində olan tikinti materiallarının Qəzzaya buraxılmasına icazə vermir", - Muşaşa qeyd edib. 
"Qəzza əhalisinin iqtisadi islahatlara ehtiyacı var, işsizlik 70 % həddinə çatıb. İnsanlar humanitar yardıma olan ehtiyaclarını ödəyə bilməsələr, yeni etiraz dalğaları başlayacaq", - UNRWA-nın nümayəndəsi Muşaşa bildirib. 
UNRWA 1949-cu ildən müxtəlif ərəb ölkələrində fəaliyyət göstərir, Avropa və ABŞ şəhərlərində ofisi var. Son zamanlar təşkilat Qəzza zolağında məktəb və müəssisələrin tikintisi istiqamətində fəaliyyət göstərir. Qəzzada tikilən məktəblərin sayı 214-ə çatdırılıb. Hazırda agentliyin 10 min əməkdaşı Qəzzada çalışır. "Əridilmiş qurğuşun" adlı hərbi əməliyyatlar zamanı İsrail, məktəbləri və UNRWA-nın ərzaq anbarlarını da hədəfə alıb.  Hərbi əməliyyatlar zamanı agentliyin 7 əməkdaşı qətlə yetirilib.
Məqalə müəlllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti