...

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi "Əbu-Bəkr" məscidində baş vermiş terrorçuluqla əlaqədar ibtidai istintaqı yekunlaşdırıb

Siyasət Materials 4 Mart 2009 12:19 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi "Əbu-Bəkr" məscidində baş vermiş terrorçuluqla əlaqədar ibtidai istintaqı yekunlaşdırıb

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan paytaxtında yerləşən Əbu-Bəkr məscidində baş vermiş partlayışla bağlı başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb, Trend -a çərşənbə günü Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəisi Arif Babayev bildirib.

Babayevin sözlərinə görə, ötən il avqustun 17-də Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "Əbu-Bəkr" adı ilə tanınan "Cümə" məscidində baş vermiş terrorçuluqla əlaqədar MTN-in İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işinin ibtidai istintaqı bitib.

Trend -un arayışı: Faktla bağlı Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla qəsdən adamöldürmə (120.2.4), iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələri ilə cinayət işi açılıb.

2008-ci il avqustun 17-də saat 20:50 radələrində Bakı şəhəri, Ülvi Bünyadzadə küçəsində yerləşən Nərimanov rayon dindarlarının Dini İcmasının fəaliyyət göstərdiyi Əbu Bəkr məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bu terror aktının qanunsuz fəaliyyət göstərən "Meşə qardaşları" tərəfindən törədildiyi bildirilib və hadisədə təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.

Babayev deyib ki, hazırda təqsirləndirilən şəxslər vəkillərinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olurlar.

Babayev cinayət işi üzrə bir neçə nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunduğu barədə məlumat verməyib.

Nərimanov rayon dindarlarının Dini İcmasının nümayəndəsi, vəkil Cavanşir Süleymanov isə çərşənbə günü Trend - a bildirib ki, iş üzrə zərərçəkmişlərin vəkili kimi cinayət işinin materialları ilə tanış olmaq üçün o, istintaqa dəvət olunub.

Vəkilin sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyindən göndərilən məktubda cinayət işinin fevralın 26-da yekunlaşdığı qeyd olunub.

Trend -un arayışı: Məlum hadisədən sonra məscidin fəaliyyəti müvəqqəti dayandırılıb.

Nərimanov rayon dindarlarının Dini İcması məscidin fəaliyyətinin bərpası ilə bağlı məhkəməyə müraciət edib.
Dini İcmanın Polis İdarəsinə qarşı qaldırdığı iddia üzrə ötən il oktyabrın 27-də Əbu Bəkr məscidinin açılması və fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edib.

Bundan sonra Nərimanov rayon Polis İdarəsi Əbu Bəkr məscidində təxribatlar törədilməsi barədə məlumatların olmasını əsas gətirərək, məscidin fəaliyyəti ilə bağlı məsələyə yenidən baxılmasını xahiş edib. Məhkəmə Polis İdarəsinin iddiasını təmin edərək, yenidən məscidin fəaliyyətinin dayandırılması barədə qərar çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi də Nərimanov rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti