Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycanın Daxili Qoşunlarının döyüş hazırlığı, xidməti döyüş fəaliyyəti aparıcı dövlətlərin müvafiq qurumlarının səviyyəsindədir, Trend -un məlumatına görə, cümə axşamı Daxili Qoşunların yaradılmasının 17-ci ildönümü münasibətilə keçirilən tədbirdə general, Daxili Qoşunların komandanı Zakir Həsənov deyib.
"Yüksək səviyyəli ekspertlər və ölkə başçısı da Daxili Qoşunların döyüş hazırlığına yüksək qiymət verib", -deyə komandan vurğulayıb.
Həsənov deyib ki, Daxili Qoşunlar ən müasir silah, hərbi texnika ilə təchiz edilib, əsgər və zabitlər üçün xidməti döyüş fəaliyyətini yüsək səviyyədə aparmaq üçün lazımi şərait yaradılıb.
Ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı fərmanla Daxili Qoşunların ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - martın 12-si Daxili Qoşunlar Günü elan olunub.
Daxili Qoşunlar ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında baş verən bütün proseslərin bilavasitə iştirakçısı olub, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf edib. Döyüş əməliyyatları aparılan müddətdə Daxili Qoşunların şəxsi heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər itkin düşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]