...

Azərbaycan xalqı və Azərbaycan dövləti işğalla heç vaxt barışmayacaqdır - prezident İlham Əliyev

Siyasət Materials 7 Aprel 2009 01:51 (UTC +04:00)
Azərbaycan xalqı və Azərbaycan dövləti işğalla heç vaxt barışmayacaqdır - prezident İlham Əliyev

Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla, etnik təmizləmə siyasəti ilə, torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacaqdır, deyə Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bəyan edib. Bu barədə AzərTac dövlət informasiya agentliyi məlumat yayıb.

"Öz torpaqlarımızı azad etmək üçün bizim tam əsaslarımız var, beynəlxalq hüquq bunu təsdiq edir. Bu yaxınlarda beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də müzakirə olunan və qəbul edilmiş qərarlar bir daha bizim haqlı olduğumuzu göstərir", - prezident deyib.

İlham Əliyev ümid etdiyini bildirib ki, nəhayət, Ermənistan tərəfi reallıqlarla hesablaşmalı olacaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqdır.
"Biz bunun tərəfdarıyıq, atəşkəs rejimi başlanandan sonra 15 il ərzində konstruktiv mövqe nümayiş etdiririk. Sülh danışıqlarında konstruktiv iştirak etməklə bu danışıqlara sadiqliyimizi göstəririk. Ancaq qarşı tərəf də konstruktivlik nümayiş etdirməlidir", dövlət başçısı əlavə edib.

Azərbaycan prezidenti bəyan edib ki, qarşı tərəf də bilməlidir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır.

"Bütün bu məsələlər indiki zəmanədə daha da ciddi diqqət tələb edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, dünyada, bölgədə gedən proseslər, yeniliklər, bəzi məlumatlar, təhlillər, mülahizələr - bütün bunlar, təbii ki, bizim tərəfimizdən ciddi izlənilir və Azərbaycan dövləti öz siyasətini möhkəm əsaslar üzərində qurmaqla bərabər, onu bölgədə gedən dəyişikliklərə uyğunlaşdırır və belə də olmalıdır", prezident İlham Əliyev deyib.
 

Xəbər lenti

Xəbər lenti