...

Azərbaycan Parlamentinin deputatları təhsil müəssisələrində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini vacib sayır

Siyasət Materials 30 Aprel 2009 18:02 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatları təhsil müəssisələrində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini vacib sayır

Azərbaycan, Bаkı, 30 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin deputatları hesab edir ki, dövlət əhəmiyyətli bütün obyektlərin ciddi mühafizə olunması çox önəmlidir.

"Bu gün baş verən hadisə sübut etdi ki, ali təhsil müəssisələrində ciddi təhlükəsizlik tədbirləri görülməlidir", - cümə axşamı Trend -a Milli Məclisin İnsan Haqları Daimi Komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

Trend -un arayışı: Bu gün Bakıda Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum zamanı 12 nəfər həlak olub, 13 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Aslanovanın sözlərinə görə, ali məktəblərdə təhlükəsizliyin gücləndirilməsi üçün hansısa qanuna dəyişiklik etməyə ehtiyac yoxdur.

"Ali təhsil müəssisələrinin daxili nizamnamələri var. Ona görə də bu problemi həmin nizamnaməyə uyğun həll etmək mümkündür", - millət vəkili əlavə edib.

Komitə sədri deyib ki, ali məktəblərdə ilk növbədə girişdə xüsusi aparatların qurulmasına daha çox ehtiyac var.

"İnanıram ki, bir daha belə böyük fəlakətlə üzləşməyəcəyik. Amma hesab edirəm ki, təkcə ali məktəblərdə yox, iri ticarət mərkəzlərində, əhalinin daha çox istifadə etdiyi metro stansiyalarında xüsusi təhlükəsizlik tədbirləri görülməlidir", - Aslanova bildirib.

"Ali təhsil müəssisələrinə daha çox müəllim və tələbələr gedib gəldiyindən giriş qapılarında xüsusi mühafizə qruplarının qoyulması vacibdir", - cümə axşamı Trend -a Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, bu cür mühafizə sistemi yaradılarsa, onda ali məktəblərə silah və digər təhlükəli predmetlərin keçirilməsi çətin olacaq. "Doğrudur, hamını fərdi qaydada yoxlamaq mümkün deyil, lakin ciddi təhlükələrin qarşısını almaq olar", - partiya sədri əlavə edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti