Azərbaycan, Bakı, 08 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycan Parlamentinin deputatları "Dini etiqad azadlığı haqqında" Qanuna təklif olunan əlavə və dəyişiklikləri qəbul ediblər.
"Vəhhabilik, nurçuluq və bəzi xristian təriqətlərinin Azərbaycanda bugünkü fəaliyyəti dövlətimizin gələcəyi üçün təhlükə mənbəyi ola bilər", - deyə millət vəkili Gültəkin Hacıyeva bildirib.
Hacıyeva deyib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdiyi bir çox problemlərə nəzarət etməlidir.
"Məsələn, Gürcüstanda azərbaycanlıların yaşadığı bəzi ərazilərdə xaçlar quraşdırılır. Azərbaycanlıların yaşadığı bəzi ucqar kəndlərdə keçirilən yas mərasimlərində süfrələrə çaxır qoyulur",- deyə millət vəkili vurğulayıb.
"İrandan İslam dininə bir o qədər də aidiyyatı olmayan ədəbiyyatların Azərbaycana gətirilməsi indiyədək davam edir", - deyə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
Onun sözlərinə görə, dini icmaların fəaliyyəti ilə bağlı QMİ ilə ayrı-ayrı məscidlərin səlahiyyətləri arasında ciddi fərq yoxdur.
"Biz tolerant ölkəyik. Ancaq bu dövlətçiliyimizə qarşı yönəlməməlidir",- deyə Milli Məclisin sədri Oqtay Əsədov bildirib. Onun fikrincə, Milli Məclisdə səslənən fikirlərə görə heç kimdə parlamentin İslam dininə qarşı olmasına dair fikir yaranmamalıdır.
Onun fikrincə, bu qanunun qəbulu dini icmalarla bağlı yaranan problemlərin həll olunması üçün çox əhəmiyyətli olacaq.
"Din xadimləri arasında atestasiya aparılması vacibdir", - deyə Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]