...

Türkiyənin Ermənistanla sərhədləri açması məsələsinə son qoyulub və biz bu tarixə qayıtmamalıyıq - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 13 May 2009 14:57 (UTC +04:00)
Türkiyənin Ermənistanla sərhədləri açması məsələsinə son qoyulub və biz bu tarixə qayıtmamalıyıq - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı 13 may / Trend , müxbir C.Babayeva /

Ermənistanla sərhədlərin açılması məsələsinə Türkiyənin yüksək vəzifəli şəxslərinin birmənalı sözlərindən sonra son qoyulub. Hesab edirəm ki, artıq bu tarixdir və biz bu tarixə qayıtmamalıyıq, bunu çərşənbə günü Azərbaycan Prezidenti və Türkiyə Baş nazirinin birgə keçirdikləri mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev CNN Türk telekanalı ilə canlı yayımda bildirib.

"Ermənistan mətbuatında sərhədlərin açılması ilə bağlı məlumatlar fevral ayının birinci yarısından yayımlanmağa başladı. Bu məlumatlara lazımi səviyyədə şərh verilməməsi Azərbaycan cəmiyyətində müəyyən şübhələrin ortaya çıxmasının birinci səbəbi oldu. Müxtəlif ölkələri təmsil edən yüksək vəzifəli şəxslər öz çıxışlarında yenə də bir növ Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına əldə edilmiş fakt kimi yanaşırdılar. Belə olan halda əlbəttə ki, Azərbaycanda müəyyən şübhələr yarandı. Aprel ayının ortalarında bu şübhələrə son qoyuldu", - deyə İlham Əliyev bildirib.

Azərbaycanın dövlət başçısının sözlərinə görə, Türkiyə və Azərbaycan bölgədə sülhün təmin olunması üçün birgə səylər göstərirlər.

"Türkiyə-Azərbaycan əlaqələri çox şaxəlidir və bu əlaqələrin çox böyük tarixi var. Xalqlarımız bir yerdə yaşayıb-yaradıblar. Bu gün iki müstəqil dövlət kimi biz öz imkanlarımızı ortaya qoyaraq həm ikitərəfli münasibətlərin inkişafı üçün çalışırıq, həm də bölgədə sülhün təmin olunması üçün birgə səylər göstəririk", - deyə Azərbaycan Prezidenti bildirib.

İlham Əliyev beynəlxalq məsələlərdə də Türkiyə və Azərbaycanın bir çox hallarda vahid mövqedən çıxış etdiklərini bildirib.

"Bir bölgədə yerləşdiyimiz üçün istəyirik ki, bölgədə sülh nə qədər mümkündürsə, tez təmin olunsun. Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Beləliklə, bölgə geniş mənada əməkdaşlıq çərçivəsində inkişaf etsin. Mən aparılan danışıqlardan və keçirdiyimiz söhbətlərdən razıyam. Hesab edirəm ki, hər zaman olduğu kimi səmimi söhbətlər bir çox məsələlərə aydınlıq gətirdi. Ən önəmlisi gələcək birgə fəaliyyət və əməkdaşlıq üçün çox gözəl şərait yaratdı", - İlham Əliyev çıxışında əlavə edib.

Trend -un arrayışı: Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çərşənbə günü Bakıda təkbətək görüşü olub.  

Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə hazırki vəziyyəti və perspektivi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.

Türkiyənin Baş naziri Ərdoğan çərşənbə axşamı gecə Bakıya gəlib. Ərdoğanı Bakı səfərində həyat yoldaşı Əminə Ərdoğan, dövlət naziri Zəfər Çağlayan, xarici işlər naziri Əhməd Davudoğlu, mədəniyyət və turizm naziri Ərtoğrul Günay, enerji və təbii ehtiyatlar naziri Tanər Yıldız, nəqliyyat naziri Binəli Yıldırım müşayiət edir.

Türkiyənin Baş naziri Azərbaycana səfəri çərçivəsində çərşənbə günü ilk öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Daha sonra Baş nazir Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların məzarını və türk əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti