Namizədlərin səlahiyyətlərinin araşdırılması üçün ayrılmış qanuni beş gün möhlət bu gün (mayın 15-də) sona çatıb. "İranın Nəzarət Şurası Qanuna uyğun olaraq, namizədlərin səlahiyyətlərini araşdırmaq məqsədilə müvafiq möhləti daha beş gün artırıb və araşdırma davam edir", - deyə İranın Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi cümə günü bildirib. Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
İranın FARS xəbər agentliyi cümə günü məlumat yayaraq bildirmişdi ki, İranda növbəti prezident seçkilərində rəsmi qeydiyyata alınmış namizədlərin səlahiyyətləri araşdırılıb və nəticəsi adları qeydə alınmış namizədlərə bildirilib. "Namizədlərin səlahiyyətlərinin araşdırılması beş gün davam edib və bu gün (mayın 15-də) sona çatıb. Araşdırmanın nəticəsi rəsmi qeydiyyatdan keçmiş namizədlərin özlərinə təqdim olunub. Namizədlər 5 gün müddətində İranın Nəzarət Şurasına öz şikayətlərini təqdim edə bilərlər", - deyə Fars agenliyinin məlumatında bildirilib.
İranda iyunun 12-də keçiriləcək prezident seçkilərində namizədlərin rəsmi qeydiyyatına mayın 5-dən start verilib və namizədlərin İranın Seçki Komissiyasında qeydiyyatı şənbə günü (mayın 9-da) başa çatıb.
Kədxudayi əlavə edib ki, Nəzarət Şurası namizədlərin səlahiyyətləri ilə bağlı son nəticəni mayın 20-də rəsmi şəkildə bəyan edəcək.
İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər Nəzarət Şurası (Şuraye Negəhban) tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs Ali Dini Rəhbər tərəfindən təsdiqləndikdən sonra status əldə edir. Ali Dini Rəhbərdən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kurslarını müəyyənləşdirir.
İranda siyasi xadimlərdən İran prezidenti Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi (Mohsen Rezaee), Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvi (Mir Hossein Mousavi) rəsmi qeydiyyatdan keçiblər.
İranın Seçki Komitəsinin məlumatına əsasən, 400 nəfər komitəyə müraciət edərək prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. İranda 2005-ci ildə keçirilən prezident seçkiləri zamanı 1014 nəfər rəsmi qeydiyyatdan keçmiş, İranın Nəzarət Şurası onlardan yalnız 7 nəfərin səlahiyyətini təsdiq etmişdi.