Azərbaycan, Bakı, 19 may / Trend , müxbir C.Babayeva /
Hakim Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyələrin sayının kifayət qədər azaldılmasının tərəfdarıdır.
"Azərbaycanda bələdiyyələrin sayı həddindən artıq çoxdur. Bələdiyyələrin sayının azaldılması onların işinin keyfiyyətli olmasına, idarəçilik sisteminin təkmilləşməsinə böyük kömək göstərə bilər", - Trend -un məlumatına görə, bu barədə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çərşənbə axşamı partiyanın rəsmi saytına müsahibəsində bildirib.
Azərbaycanda bələdiyyə seçkisinin bu ilin dekabrında keçirilməsi gözlənilir. Azərbaycanda 2750 bələdiyyə var.
Novruzovun sözlərinə görə, hakim partiyada bələdiyyə seçkisi ilə bağlı ciddi hazırlıq işləri gedir. "Bu ayın sonundan başlayaraq bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar zona müşavirələrinin keçirilməsinə başlanılacaq. Rayon və şəhər təşkilatları üçün həm qanunvericiliyin tam öyrənilməsi və tətbiqi, həm də namizədlərin seçilməsi, onların müəyyənləşdirilməsi məsələləri gündəmdə durur. Seçkidə prezident seçkilərində və referendumda fəal iştirak edən gənclərin və qadınların potensialından istifadə etməyi düşünürük", - YAP rəsmisi bildirib.
O, bələdiyyələr haqqında qanunlara müəyyən dəyişikliklər ediləcəyini bildirib. "Bu qanunların hamısı Avropa standartlarına cavab verir. Lakin Konstitusiya dəyişiklikləri ilə əlaqədar bələdiyyələrlə bağlı bir neçə müddəa ortaya çıxıb ki, bunlar qanunla tənzimlənməlidir. Məsələn, bələdiyyələrin parlamentdə hesabatı məsələsi. Bütün bunlar qanunvericiliklə tənzimlənəcək", - o deyib.
Azərbaycanın müxalifət partiyalarının bələdiyyə seçkisində iştirak edəcəkləri barədə istəklərinə gəlincə, Novruzov deyib ki, müxalifətin bütün yerlər üzrə namizəd irəli sürməsi üçün potensialı yoxdur.
"Siyasi partiyaların rəhbərlərinə tövsiyə edirəm ki, öz namizədliklərini versinlər, görsünlər ki, heç olmasa bələdiyyə üzvü seçiləcəklər, ya yox. Çünki onlar böyük iddialarla yaşayırlar. Ona görə də ilk növbədə güclərini bələdiyyə seçkilərində sınamalıdırlar", - Novruzov deyib.
Trend -un arayışı: YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]