...

Marneulidə iki ölkənin Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Siyasət Materials 27 May 2009 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir C.Babayeva /

Gürcüstan və Azərbaycanın Respublika Günü münasibətilə təşkil edilmiş tədbirlər davam etdirilir.

Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin bu əlamətdar günlər münasibətilə keçirdiyi tədbir Tiflis şəhərində ulu öndər Heydər Əliyevin büstü və Azərbaycan Cümhuriyyətinin qurucularından F.X.Xoyski və H.Ağayevin məzarlarının önünə əklillər, gül dəstələri qoyulmaqla başlayıb.

Tədbirin başlanğıcında Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva, Gürcüstan Parlamentinin gürcü və azərbaycanlı deputatları - Marika Verulaşvili, Azər Suleymanov, Ramin Bayramov və digər dövlət nümayəndələri, ARDNŞ şirkətinin Gürcüstandakı nümayəndəliyinin məsul işçisi Arif Əliyev, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər. 

Respublika Gününə həsr edilmiş tədbir Marneuli şəhərində "Qaya" şadlıq sarayında davam edib. Millət vəkili Qənirə Paşayeva tədbirdə çıxış edərək bildirib ki, "Gürcüstanda keçirilən bu əlamətdar bayramlar bizim üçün çox önəmlidir. Bu regionda iki dövlət inamla gələcəyə doğru addımlayır, Gürcüstanla əlaqələri genişləndirmək Azərbaycanın maraqlarına uyğundur. Burada yaşayan soydaşlarımızın sosial həyat tərzi başlıca məsələlərdən biridir, ona görə də bizi buradan keçən enerji layihələri sıx birləşdirir. Bu tarixi layihələrdə soydaşlarımızın xüsusi çəkisi var. Cənubi Qafqazda xoşagəlməz oyunlar gedir, lakin gürcü və Azərbaycan xalqı müstəqilliyini qoruyub saxlamağa qadirdir. Gürcüstan Prezidenti Mixail Saakaşvili Bakıda səfərdə olarkən "konfederasiya" ifadəsini də işlətdi, bu, dövlətlərimizin daha yaxşı təməl üzərində durduğunu özündə əks etdirir. Sözsüz ki, dövlətlərimiz hər zaman bir-birinin yanındadır. Bu əlaqələrdə Gürcüstanda kompakt yaşayan soydaşlarımız da böyük faktor təşkil edir. Nə qədər millətin güclü iradəsi varsa, heç kimə imkan verməyəcəyik ki, müstəqilliyimiz zərbə altına düşsün". Tədbirdə qeyd edilmişdir ki, H.Əliyev Fondu, ARDNŞ şirkətinin Gürcüstandakı nümayəndəliyi, "Gilan Holding - Jalə" meyvə şirələri, Rabitə və İnformasiyası Texnologiyaları Nazirliyi və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin xətti ilə Gürcüsatnda həyata keçirilən layihələr böyük əhəmiyyət kəsb edir.

"Xalqların yarada biləcəyi ən böyük şah əsəri müstəqillikdir. Keçən əsrin əvvəllərində bu müstəqilliyi gürcü və Azərbaycan xalqları axıradək saxlaya bilmədi. İndi ikinci dəfə bu müstəqillik - şah əsəri xalqlarımıza məxsusdur. Heydər Əliyevin təbirincə desək, "Bu müstəqillik dönməz və əbədidir" və nə qədər dövlət iqtisadi cəhətdən güclü olarsa, biz də o qədər yaxşı yaşayarıq", - Tədbirdə ARDNŞ şirkətinin Gürcüstandakı nümayəndəliyinin məsul işçisi Arif Əliyev bildirib.  

Respublika Gününə həsr olunmuş tədbirdə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun dəstəyi ilə işıq üzü görmüş, A.Binnətoğlunun "Teatr haqqında söhbətlər" və M.Maaşovun "Qədim Tiflis" adlı kitablarının və Mədəniyyət Mərkəzinin nəzdində buraxılan "Meydan" jurnalının ikinci sayının təqdimatı da keçirilib. 

Tədbirdə Millət vəkili Qənirə Paşayeva, ARDNŞ şirkətinin Gürcüstandakı nümayəndəliyinin məsul işçisi Arif Əliyev AFFA prezidenti Rövnəq Abdullayevin azərbaycanlı idmançılara göndərdiyi idman ləvazimatlarını "Kolagir", "Xram", "AMM Region", "Rustavi" yığma komandalarına hədiyyə ediblər. AMM-in nəzdində fəaliyyət göstərən "Sarvan" rəqs qrupuna qiymətli hədiyyələr və bir neçə məktəbə bədii kitablar Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupu adından hədiyyə edildi. Tədbirin sonunda müğənni Elza Seyidcahan və məktəblilər Azərbaycan və Gürcüstan haqqında mahnı və şeirlər söyləyiblər. "Sarvan" rəqs qrupu isə Azərbaycan xalq rəqslərini ifa edərək tədbiri daha da gözəlləşdirib.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, "Sarvan" rəqs qrupu iki gün öncə Tbilisidə keçirilən "Open new world" beynəlxalq festival-müsabiqədə solo nominasiyası üzrə "Sarı gəlin" rəqsinin ifası ilə birincilik əldə etmiş, qrup nominasiyası üzrə isə "Nazilə" rəqsi ilə ikinci yeri tutmuşdu.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti