Azərbaycan, Bakı, 29 may / Trend , müxbir C.Babayeva /
"İsrail və Azərbaycan Şimon Peresin Bakıya səfərinə böyük əhəmiyyət verir", - İsrailin Azərbaycandakı səfiri Artur Lenk deyib, Trend www.IzRus.co.il saytına istinadən xəbər verir.
Səfirin sözlərinə görə, İsrail Prezidentinin Azərbaycana ilk səfəri ilkin olaraq iyunun son həftəsinə planlaşdırılıb.
"Bu həqiqətən də qeyri-adi hadisədir. Azərbaycan bir tərəfində İran olan şiə çoxluqlu müsəlman ölkəsidir. Ancaq Prezident İlham Əliyev bildirib ki, Şimon Peresi bütün ehtiramla qəbul edəcək və ona lazımi hörməti nümayiş etdirəcək. Hər iki tərəf bu səfərə böyük əhəmiyyət verir. Axı çox az ölkə Azərbaycanı İsrail kimi yaxşı anlayır. Biz də, onlar da, diplomatik dildə desək, çətin əhatədə olan kiçik ölkələrik", - Lenk bildirib.
Diplomatın sözlərinə görə, səfər ölkələr arasında siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.
"Bizdə qarşılıqlı sərfəli əməkdaşlıq qurmaq üçün bütün zəminlər var. Biz Azərbaycandan neft alırıq, onlar bizim texnologiya, tibbi xidmət, telekommunikasiyalarımızda maraqlıdırlar. Bu, ingilislərin win-win situation adlandırdığı, yəni hər iki tərəfin də qazandığı bir durumdur", - Lenk əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]