...

İranın Azərbaycana islam həmrəyliyindən dərs keçmək haqqı yoxdur - deputat

Siyasət Materials 9 İyun 2009 14:43 (UTC +04:00)
İranın Azərbaycana islam həmrəyliyindən dərs keçmək haqqı yoxdur - deputat

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanlı deputat İsrail Prezidentinin ölkəmizə səfəri ilə bağlı İranın bəzi rəsmi şəxslərinin açıqlamalarına etiraz edib.

"İranın Azərbaycana islam həmrəyliyindən dərs keçmək haqqı yoxdur. Çünki Azərbaycan islam həmrəyliyi üçün əlindən gələni edib. Amma Azərbaycan xalqı torpaqlarımız Ermənistan tərəfindən işğal edilən zaman İranın hansı mövqe tutduğunu unutmur", - cərşənbə axşamı Milli Məclisin növbədənkənar iclasında millət vəkili Qənirə Paşayeva bildirib.

İran rəsmiləri İsrail Prezidenti Şimon Peresin iyunun sonunda Azərbaycana nəzərdə tutulan rəsmi səfərini pisləyən bəyanatla çıxış ediblər.

Deputat deyib ki, İranın kütləvi informasiya vasitələri Azərbaycanı müsəlman dünyasında gözdən salan təbliğatla məşğul olur. Ona görə parlamentdə bu məsələyə ciddi münasibət bildirilməlidir.

Paşayevanın sözlərinə görə, Azərbaycan həmişə başqa dövlətlərin, o cümlədən qonşuların daxili işlərinə hörmətlə yanaşır.

"Təbii ki, qonşu ölkələr də Azərbaycanın daxili işlərinə və öz maraqlarına uyğun olaraq hansı ölkə ilə əlaqə qurub-qurmamasına, hansı dövlətin başçısını səfərə dəvət etməsinə hörmətlə yanaşmalıdırlar", - millət vəkili vurğulayıb.

Millət vəkili deyib ki, islam həmrəyliyindən danışan İran nəinki Ermənistanla sərhədlərini bağlamayıb, hətta bizə düşmən ölkəyə vaxtaşırı İran rəsmiləri səfərlər edirlər. "İran Ermənistana iqtisadi dəstək verməklə bu ölkənin blokadadan çıxarılması üçün çalışır. Biz hamımız bunu təəssüf hissi ilə qarşılayırıq. Ona görə heç bir İran rəsmisinin Azərbaycanın daxili işlərinə qarışacaq bəyanatlar verməyə haqqı yoxdur", - Paşayeva qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti