...

Zahidanda baş vermiş partlayışla bağlı edam olunan üç nəfərin həmin hadisədə iştirakı qeyri-mümkündür – Nobel mükafatı laureatı

Siyasət Materials 9 İyun 2009 15:39 (UTC +04:00)
Zahidanda baş vermiş partlayışla bağlı edam olunan üç nəfərin həmin hadisədə iştirakı qeyri-mümkündür – Nobel mükafatı laureatı

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir D.Xatınoğlu /

İranın insan haqları üzrə müdafiəçisi, Nobel mükafatı laureatı Şirin İbadi (Shirin Ebadi) Zahidan şəhərində şiələrin məscidində törədilmiş partlayışdan 30 saat sonra edam olunan şəxslərin terror aktında iştirak etmədiyini bildirir.

İran rəsmilərinin məlumatına əsasən, Zahidan şəhərində Əli ibn Əbu Talib adına şiələrin məscidində mayın 29-da terror aktı baş verib. Hadisə nəticəsində 25 nəfər olmüş, 125 nəfər yaralanmışdı. Hadisədən 30 saat sonra üç nəfər məsciddə terror aktı törətməkdə ittiham olunaraq edam olunub. İran prokurorluğunun məlumatına əsasən, iyunun 7-də Zahidan şəhərində 88 nəfər həbs olunub. Həbs olunanlar asayışi pozmaqda ittiham olunurlar. Onlardan 30 nəfər Əfqanıstan vətəndaşıdır. 

İbadi Zahidan şəhərində şiələrin məscidində baş vermiş hadisəni pisləyib və hadisə nəticəsində həlak olanların ailələrinə baş sağlığı verərək bu üç nəfərin terror aktı ilə bağlı edam olunmasından təəccübləndiyini bildirib.

İbadi əlavə edib ki, hər bir halda təqsirli şəxsi həbs edib, ona qarşı ittiham oxuyub cəzalandırmaq lazımdır. "Sistan və Bəluçustan əyalət prokrorluğundan aldığımız məlumata əsasən, terror aktı ilə bağlı edam olunmuş üç nəfər hadisə baş verən zaman həbsdə olub. Belə olan halda, onların həbsdə olarkən məsciddə terror aktını necə törətmələri maraqlıdır", - deyə İbadi bildirib.

Zahidan şəhərində şiələrin məscidindəki partlayışa görə məsuliyyəti Pakistanda yerləşən "Condullah" təşkilatı öz üzərinə götürüb. Təşkilat bildirib ki, bu partlayış iyunun 12-nə təyin edilmiş prezident seçkilərindən qabaq ölkədəki sabitliyi pozmaq üçündür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti