...

Azərbaycanlı deputat Dağlıq Qarabağla bağlı təkliflərini Parlamentə təqdim edib

Siyasət Materials 4 İyul 2009 09:00 (UTC +04:00)
Azərbaycanlı deputat Dağlıq Qarabağla bağlı təkliflərini Parlamentə təqdim edib

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin deputatı Dağlıq Qarabağ probleminin həlli ilə bağlı milli proqramın hazırlanması üçün təkliflərini Milli Məclisin rəhbərliyinə təqdim edib.

"Təkliflərimi Parlamentin sədri Oqtay Əsədova çatıdrmışam. Amma hələ ki, rəsmi cavab almamışam", - cümə günü Trend -a Müsavat Partiyası deputat qrupunun üzvü Nəsib Nəsibli bildirib.

Trend -un arayışı: Müxalifət Deputat Qrupunun üzvü Parlamentin iyunun 30-da keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı milli proqramın hazırlanması təklifi ilə çıxış etmişdi.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Nəsiblinin sözlərinə görə, Parlament tətilə çıxdığından təkliflərinə payız sessiyası başlayan zaman rəsmi reaksiya veriləcəyini düşünür.

"Mən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan sülh danışıqlarının son dərəcə yubandığını nəzərə alaraq problemin həllində qanunverici orqanın rolunun artırılmasını istəyirəm", - deputat əlavə edib.

Onun fikrincə, Azərbaycanın hakimiyyəti "Qarabağ probleminin həlli konsepsiyası" adlı milli proqram hazırlayıb, Parlamentin müzakirəsinə təqdim etməlidir.

"Əgər həmin proqram hazırlanarsa, problemin həlli ilə bağlı danışıqların vəziyyəti barədə ildə bir dəfə Parlamentdə müzakirələr aparılmasını da təklif etmişəm", - deputat deyib.

Azərbaycan Parlamentində müxalifəti təmsil edən 12 deputat var. Parlament seçkilərindən sonra yeddi nəfərdən ibarət müxalifət deputat qrupu yaradılsa da, onun fəaliyyəti uğurlu olmayıb və qrup dağılıb. Hazırda Parlamentdə beş nəfərdən ibarət Müsavat deputat qrupu mövcuddur. Bu deputat qrupu 2005-ci ilin noyabr ayında keçirilən parlament seçkisindən sonra yaradılıb. Qrupda müxalif Müsavat Partiyasının dörd üzvü - Nəsib Nəsibli, Arzu Səmədbəyli, İkram İsrafil, İltizam Əkbərli və Xalq Partiyasının sədri Pənah Hüseyn təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti