Azərbaycan, Bakı, 10 iyul / Trend , müxbir E.Tariverdiyeva /
İtalyanın Akvila şəhərində böyük səkkizlərin (G8)sammiti çərçivəsində bu gün səhər ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin birgə bəyanatı qəbul edilib.
"Biz, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəfdar olduğumuzu təsdiqləyirik və onları bəzi fikir ayrılıqlarını həll etməyə və nizamlanmanı sülh yolu ilə tamamlamağa çağırırıq", - bəyanatda deyilir.
"Biz vasitəçilərimizə Azərbaycan və Ermənistan prezidentlərinə əsas prinsiplərin formalaşdırılması üzrə həmsədrlərin sonuncu təkliflərini özündə birləşdirən 2007-ci il noyabrın 29-da imzalanan Madrid sənədinin yeniləşmiş variantını təqdim etməyi tapşırırıq", - Rusiya, ABŞ və Fransa liderlərinin birgə bəyanatında deyilir.
Rusiya, ABŞ və Fransa prezidentlərinin fikrincə Azərbaycan və Ermənistan rəhbərliyi arasında 2007-ci ilin Madrid müqaviləsi prinsipləri əsasında razılıq əldə olunmalıdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]