...

Azərbaycanın hüquq-mühafizə orqanlarının internet resurslarında qanunla tələb olunan məlumatları tapmaq olurmu? - ARAŞDIRMA

Siyasət Materials 20 İyul 2009 12:03 (UTC +04:00)
Azərbaycan qanunvericiliyi ictimai əhəmiyyətli məlumatların tez və asan əldə edilməsi üçün informasiya sabihlərində olan məlumatların böyük qisminin internet vasitəsilə açıqlanmasını tələb edir. “İnformasiya əldə etmək haqqında” qanuna görə, məlumat sahibləri - dövlət orqanları, bələdiyyə qurumları, ictimai funksiyanı yerinə yetirən hüquqi şəxslər informasiya xidmətləri göstərən struktur bölmələri və internet informasiya ehtiyatları yaratmalıdır.
Azərbaycanın hüquq-mühafizə orqanlarının internet resurslarında qanunla tələb olunan məlumatları tapmaq olurmu? - ARAŞDIRMA

Azərbaycan, Bakı, 20 iyul / Trend ,muxbir K. Zərbalıyeva/

Azərbaycan qanunvericiliyi ictimai əhəmiyyətli məlumatların tez və asan əldə edilməsi üçün informasiya sahiblərində olan məlumatların böyük qisminin internet vasitəsilə açıqlanmasını tələb edir. "İnformasiya əldə etmək haqqında" qanuna görə, məlumat sahibləri - dövlət orqanları, bələdiyyə qurumları, ictimai funksiyanı yerinə yetirən hüquqi şəxslər informasiya xidmətləri göstərən struktur bölmələri və internet informasiya ehtiyatları yaratmalıdır.

Hazırda Azərbaycanda əksər də olmasa, böyük qism dövlət orqanlarının internet saytları mövcuddur. Lakin internet saytlarının necə işləməsi, orda yerləşdirilən məlumatların ictimaiyyətin tələbatı baxımından hansı səviyyədə olması elə də qənaətbəxs hesab olunmur.
Bu yazıda yalnız hüquq-mühafizə orqanlarının - Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar nazirliklərinin və Baş Brokurorluğun internet saytlarındakı vəziyyəti araşdırmağa çalışacam.

Qanunvericilik tələb edir

İnformasiya sahibi cəmiyyətin maraqlarını daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş 32 adda məlumatı açıqlamağa borcludur.

Qanun həmin məlumatların açıqlanma üsullarından biri kimi onların internet resurslarında açıqlanmasını nəzərdə tutur.

Bu məqsədlə qanun informasiya sahiblərinin üzərinə internet informasiya ehtiyatlarının yaradılması vəzifəsini qoyub.

Bilgi sahibləri ictimaiyyəti öz İnternet saytlarının ünvanları və oradakı dəyişikliklər barədə məlumatlandırmağa, internet səhifələrində ən yeni və aktual bilgiləri yerləşdirməyə, doğru və çaşqınlıq yaratmayan bilgiləri açıqlamağa borcludurlar. Onlar internet səhifələrinə çatdırılmanı əngəlləyən texniki qüsurlar meydana çıxdıqda ləngimədən gərəkli ölçülər götürməlidirlər.

Saytlarda hansı məlumatlar yerləşdirilməlidir?

İnformasiya əldə etmək haqqında qanunun 29-cu maddəsində qeyd olunan məlumatların informasiya ehtiyatlarında yerləşdirilməsi mütləqdir.

Bu sıraya daxil olan məlumatların bir qismi aşagıdakılardır: Bilgi sahiblərinin özləri haqqında ümumi məlumatlar; dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr; onlarda çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, işdəki email ünvanları, onların təhsili və ixtisasları barədə məlumatlar; bilgi sahiblərinin işi haqqında ümumi bilgilər; onların keçirdikləri açıq tədbirlərin proqramları, yeri, vaxtı, dövlət orqanları və bələdiyyələrin fəaliyyəti haqqında hesabatlar, göstərdikləri xidmətlər, onların büdcələri, büdcənin xərclənməsi, dövlət qurumlarının və bələdiyyələrin mal və xidmətlərinə dair bilgilər, dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə bilgilər; vakansiyalar, onları tutmaq üçün müəyyən olunmuş prosedurlar, əgər varsa, testlərin keçirilməsi qaydaları, tələb olunan bilgilər və s. də açıqlanmalıdır.

Həmçinin dövlət və bələdiyyə müəssisələrində vakansiyalar, qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə, bilgi sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında, dövlət orqanlarının apardığı statistik məlumatlar və büdcə proqnozları haqqında bilgilər, dövlət qurumları və bələdiyyələrin əmr, sərəncam və qərarları da saytlarda yerləşdirilməlidir.

Bəs real vəziyyət necədir?

Saytların qanunun tələbləri səviyyəsində işləyib-işləməməsi, məlumat yükünün vəziyyəti ilə bağlı hüquq-mühafizə orqanlarının saytlarının monitorinqini apardım.

Azərbaycan Multimedia Mərkəzi və Media Hüquq İnstitutu da müxtəlif vaxtlarda dövlət orqanlarının saytlarının monitorinqini aparıb və saytlardakı çatışmazlıqlar və onların aradan qaldırılması ilə bağlı tövsiyələr hazırlayaraq aidiyyatı üzrə göndərib. Həmin tövsiyələrdə mənim aşağıda qed edəcəyim problemlərin əksəriyyətinin aradan qaldırılması qeyd olunsa da, dövlət qrumları onları nəzərə almayıb.

Bu qurumların daha çox qapalı tutmağa çalışdığı məlumatların sırasında isə birinci yerdə büdcə, tender və müsabiqələr, işçilərin əmək haqları ilə bağlı məlumatlar dayanır.

Yuxarıda adını çəkdiyim saytların monitorinqi zamanı məlum oldu ki, bir qrup məlumatlar var ki, onları bütün qurumlar saytlarında yerləşdirib.

Bu sıraya qurumun yaranma tarixinə aid, vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə məlumatlar, ünvan, telefon və faks nömrələri, elektron poçt ünvanları, cari fəaliyyətlə bağlı qısa bilgilər, vətəndaşları qəbul günləri və saatları, ümumiləşdirilmiş statistik informasiyalar, qurum rəhbərinin mətbuatdakı çıxışları daxildir. Bu məlumatlar DİN-in, Ədliyyə Nazirliyinin və Baş Prokurorluğun saytlarında daha tam və dolğun şəkildə əks olunub.

Ədliyyə Nazirliyinin (www.justice.gov.az) saytı müəyyən qədər zəngin təəssürat bağışlasa da, saytda bəzi məlumatlara keçidlər işlək deyil. Belə ki, saytda əmr və sərəncamlar bloku olsa da, həmin blok açılmır.

Nazirliyin strukturu ilə bağlı bilgiləri də yetərli saymaq olar. Qurumun strukturuna daxil olan ayrı-ayrı idarələr və şöbələrin fəaliyyətini tənzimləyən əsasnamə və təlimatlar saytda yerləşdirilib. Lakin ayrı-ayrı struktur bölmələrinin rəhbərlərinin bioqrafik bilgilərinə saytda rast gəlinmir.

Nazirliyə və onun ayrı-ayrı struktur bölmələrinə işə qəbulla bağlı müsabiqələr barədə elanlar, onların şərtləri, müsabiqənin nəticələri barədə xəbərlər var.

Saytda yaradılmış arxivdə 2005-2007-ci illər və 2008-ci ilin sentyabrınadək məlumatlar yerləşdirilib.

Milli Təhlükəsizlik Nazirliyinin (www.mns.gov.az) saytında vətəndaşların qurumla əlaqə saxlaması üçün telefon, email unvanları və nazirliyin ünvanı barədə məlumat verilsə də, ayrı-ayrı struktur bölmələri və onların rəhbərləri ilə əlaqə imkanları yoxdur.

Nazirliyin strukturunun sxemi və ümumiyyətlə strukturu barəsində saytda heç bir məlumata rast gəlinmir. Movzu ilə əlaqədar söhbət etdiyimiz ekspertlərin bir qismi bunu həmin qurumun əks-kəşfiyyat fəaliyyəti ilə əlaqələndirir.

Rəhbər və rəhbər işçilər bölməsində yalnız nazirin bioqrafiyası verilib. Digər rəhbər işçilər barəsində heç bir məlumat gözə dəymir. Bundan başqa rəhbərlə birbaşa əlaqə üçün də heç bir vasitə göstərilməyib.

Nazirliyin cari fəaliyyəti haqqında məlumatlar operativ yerləşdirilməyib və sonuncu məlumat mayın 9-da yerləşdirilib. Nazirliyə və onun ayrı-ayrı struktur bölmələrinə işə qəbulla bağlı informasiya da gözə dəymir. Onu da qeyd edək ki, nazirlik cari fəaliyyəti ilə bağlı ay ərzində press-reliz şəklində orta hesabla 7-8 məlumat yaysa da, həmin məlumatlar saytda yerləşdirilməyib.

Fövqəladə Hallar Nazirliyinin (www.fhn.gov.az) internet saytını da qənaətbəxş saymaq olmaz.
Saytda nazirlik haqqında məlumat çox qısa şəkildə yerləşdirilib.

Xəbərlər bölümündəki son məlumat iyunun 9-na, press-relizlər bölümündəki xəbər isə ötən il dekabrın 8-nə aiddir. Gün ərzində baş vermiş fövqəladə hallar barədə xronikada bəzi məlumatlar toplanılıb.

Saytda işə qəbulla bağlı vakansiyalar, müsabiqənin keçirilmə qaydaları, onlayın müraciət forması, dövlət sirri, qurumun cari fəaliyyəti ilə bağlı bölmədə qurumdaxili əmr və sərəncamlar, nazirliyin həyata keçirdiyi proqram və layihələr, dövlət büdcəsinin ümumi rəqəmlə ifadəsi və onun quruma aid hissəsi barədə də heç bir bilgi yoxdur.

Nazirliyin strukturunun sxem şəklində də təqdim olunmasına, rəhbər və rəhbər işçilər, həmçinin struktur rəhbərləri barədə bioqafik bilgilərin zənginləşdirilməsinə zərurət var.

Qurum tərəfindən təklif edilən xidmətlər, işə qəbul qaydaları və boş iş yerləri, sahə işçilərinin əmək haqları barədə də məlumatlara rast gəlinmir.

Nazirliyin saytında vətəndaşların qəbulu ilə bağlı bölmədə qaydalar və qəbul saatları barədə, keçirilən tender və müsabiqələr haqda məlumat verilmir.

Daxili İşlər Nazirliyinin (www.din.gov.az) saytı hüquq-mühafizə orqanlarının saytları arasında daha çox informasiya yüklüdür.

Digər saytlardan fərqli olaraq bu saytda nazirliyin fəaliyyətində dövlət sirri hesab olunan məlumatların siyahısı, rəhbərlik, idarə və şöbələr, rayon, şəhər polis idarələrinin vəzifəli şəxslərinin, respublika üzrə sahə inspektorlarının adları, telefon nömrələri, ünvanları, rütbələri dolğun şəkildə əks olunub.

Qurumun fəaliyyəti barədə informasiyalar, illik, rüblük, yarımillik statistik məlumatlar, müqayisəli təhlil, axtarışda olan təqsirləndirilən şəxslərin, itkin düşmüşlərin, axtarışda olan nəqliyyat vasitələr barədə, mətbuat xidmətinin məlumatları, həmçinin gündəlik kriminal məlumatlar saytda yerləşdirilib.

İşə qəbul qaydaları və boş iş yerləri barədə bilgilər də yetərli sayılsa da, işə qəbulu həyata keçirən komissiyalar, eləcə də işə qəbulun nəticələri barədə məlumatlar yoxdur.

Nazirliyin daxili istifadəsi üçün nəzərdə tutulan əmr və sərəncamlar, sənədlərin reyestri, büdcəsi, ümumi dövlət büdcəsinin nazirliyə aid hissəsi və onun icrası, təklif edilən xidmətlər və onların pullu hissəsi ilə bağlı bilgilərə saytda rast gəlinmir.

Sahə işçilərinin əmək haqları, vətəndaşların qəbulundan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli yolları haqqında məlumatlar saytda yerləşdirlməyib.

Hazırda nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin, Polis Akademiyasının və Mingəçevir Şəhər Polis İdarəsinin internet saytları fəaliyyətdədir. Nazirliyin saytında həmin saytlara birbaşa keçid mümkündür.

Həmin saytların informasiya yükü isə elə də qənaətbəxş deyil.

Baş Prokurorluun (www.genprosecurotor.gov.az) saytının informasiya yükünü nisbətən qənaətbəxs hesab etmək olar, lakin bu saytda da yuxarıda qeyd olunan problemlərə rast gəlinir.

Digər saytlardan fərqli olaraq bu saytda şəhər və rayon prokuroluqlarında KİV-lə işləməyə cəlb olunmuş şəxslərin iş və mobil telefonları əks olunub.

Vəzfəli şəxslərin qəbul günləri və saatları, prokurorluğa onlayn müraciət forması, Bakı Şəhər Prokuroluğu və Respublika Hərbi Prokurorluğunun strukturu və onların fəaliyyət istiqamətləri, vətəndaşları qəbul vaxtları, əlaqə vasitələri də saytda yerləşdirilib.

Baş prokurorun ümumi məsələlərlə bağlı bir neçə əmri, 2007-2008-ci il üzrə bəzi statistik məlumatlar saytda yerləşdirilib.

Digər saytlardan fərqli olaraq bu saytda işə qəbulla bağlı müsabiqəınin qaydaları və şərtləri, müsabiqələr barədə elanlar və müsabiqənin nəticələri əks olunub.

Baş Prokurorluğun saytında qurumların büdcəsinin, icmal büdcənin xərclənməsi barədə hesabatlar, qurumlar tərəfindən təklif edilən və təklif edilməli olan xidmətlər, onların icrası barədə məlumatlar, şikayət, təklif və sorğuların icmalı, əmr və sərəncamlar, açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar barədə bilgilər, informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında bilgilər, alqı-satqı əməliyyatları, satınalmalar, onların şərtləri, nəticələri, eləcə də dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi və s. haqqında məlumatlar yerləşdirilməyib.

Adıçəkilən qurumların informasiya resurslarında çatışmayan informasiyalardan biri də qurumların norma və qanun yaratma fəaliyyəti ilə bağlıdır.

Bəzilərində aparılan yoxlamalar və onların nəticələri yalnız mətbuat xidmətinin yaydığı məlumatlarda qisa formada əksini tapıb. Mətbuat xidmətinin hazırladığı press-relizlər isə KİV-lərə ötürüləndən sonra ya həmin gün, ya səhərsi gün, ya da bir müddətdən sonra qurumun internet saytında yerləşdirilir.

MTN-nin saytında mətbuat xidmətinin məlumatı sonuncu olaraq mayın 9-da, DİN-in saytında iyulun 14-də, Ədliyyə Nazirliyinin saytında iyulun16-da, Baş Prokurorluğun saytında iyulun 17-də, FHN-in saytında isə iyulun 10-da yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının rəsmiləri nə deyir?

Saytlarının monitorinqini apardığımız qurumların məsul şəxsləri büdcə, tender, əmr və sərəncamlar və digər saytda yerləşdirilməyən məlumatların yerləşdirilməməsi səbəbini bu qurumların spesifik fəaliyyəti ilə əlaqələndirib və qeyd ediblər ki, həmin məlumatlar dövlət sirri təşkil edən məlumatlar sırasına daxildir. Bu səbəbdən də həmin məlumatların saytda yerləşdirilməsi qanuna zidd olardı.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov deyir ki, nazirliyin internet saytının fəaliyyəti reqlamentlə tənzimlənir və həmin sənəd bu il qəbul olunub.

İdarə rəisi saytda işçilərin işə qəbulu və işdən çıxarılması, cəzalandırılması ilə bağlı əmr və sərəncamların yerləşdirilməsini etik baxımdan düzgün saymır.

"Saytda müəyyən əmr və sərəncamların yerləşdirilməsi ilə bağlı müəyyən təkliflər hazırlanıb və bu təkliflərə baxılır. Saytda əsasən mühüm əmr və sərəncamların yerləşdirlməsinə çalışacağıq. Həmçinin dövlət sirri təşkil edən məlumatların siyahısının da yerləşdirliməsi nəzərdə tutulub", - Qurbanov bildirib.

Qanunun 29.1.15-ci maddəsi dövlət orqanlarının əmr, sərəncam və qərarlarının qüvvəyə mindiyi gündən (yalnız dövlət sirri təşkil edənlərdən başqa) açıqlanmasını nəzərdə tutur.

İdarə rəisi mətbuat xidmətinin məlumatlarının saytda yerləşdirlməsi ilə KİV-lərə ötürülməsinin paralel aparıldığını və onların saytda dərhal yerləşdirildiyini iddia edir.

MTN-in İctimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayevin sözlərinə görə, nazirliyin saytı daxili təlimatla tənzimlənir.

"MTN-in saytı mükəmməl saytdır. Digər ölkələrin təcrübəsi ilə müqayisə edəndə, bizim saytın səviyyəsi onlardan daha üstündür ki, aşağı deyil. Nazirliyin əks-kəşfiyyat, terrorçuluqla mübarizə və digər fəaliyyəti ilə bağlı məlumatlar dövlət sirrini təşkil edir və həmin məlumatların yerləşdirilməsi qanuna ziddir", - mərkəzin rəhbəri vurğulayıb.

Mərkəz rəhbəri mətbuat xidmətinin məlumatlarının ilk olaraq KİV-lərə ötürülməsini mətbuatın işinin asanlaşdırılması məqsədilə edildiyini deyir. "Elə KİV-lər var ki, internetə çıxışı yoxdu, yaxud da nazirliyin internet saytı barədə məlumatsızdır, yaxud da sayta daxil olmurlar. KİV-lərin operativliyini təmin etmək üçün biz məlumatları saytda yerləşdirməzdən qabaq mətbuata ötürürük", - deyə Babayev vurğulayıb.

DİN-in internet saytı da təlimat əsasında fəaliyyət göstərir.

Nazirliyin katibliyinin rəisi Nazim Əliyev deyir ki, qanunla açıqlanmalı olan məlumatların hamısı internet saytında yerləşdirilib.

Əliyev bildirir ki, nazirliyin büdcə xərcləri, dövlət sirri təşkil edən məlumat olduğundan, ştatlar məxfi məlumatlar sayıldığından onlar barədə bilgilərin verilməsi qanuna ziddir.

"Bizim Maliyyə Nazirliyi ilə yazışmalarımız belə məxfi qiriflə aparılır", - deyə katibliyin rəisi vurğulayıb.

Əliyevin sözlərinə görə, nazirliyin hər bir idarəsinin, xidmətinin fəaliyyəti ilə bağlı məlumatlar mütəmadi yenilənir, saytda ildə 4 dəfə polisin fəaliyyəti ilə bağlı anonim sorğular keçirilir və nəticələri, görülən tədbirlər ictimaiyyətə açıqlanır.

Lakin saytın heç bir bölümündə keçirilən sorğuların nəticələri barədə məlumata rast gəlmədik.

Nazirlik rəsmisi deyib ki, yaxın gələcəkdə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin internet saytları da açılacaq. Həmçinin gələcəkdə rayon polis idarələrinin də internet resurslarının yaradılması nəzərdə tutulub.

Baş Prokurorluqdan bildirilib ki, sayt baş prokurorun 25 mart 2004-cü il tarixli əmrinə əsasən yaradılıb. Əmrin mətni isə saytın Qanunvericilik bölməsinin əmrlər hissəsində yerləşdirilib.

Dövlət sirri sayılan məlumatların siyahısı isə saytda Qanunlar bölməsində yerləşdirilmiş "Dövlət sirri haqqında" qanunda və "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nın təsdiq edilməsi barədə fərmanda əks olunub.

FHN-in mətbuat xidmətindən isə məlumat almaq mümkün olmayıb.

Hansı məlumatlar dövlət sirri hesab olunur?

"Dövlət sirri haqqında"qanunda qeyd olunur ki, dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması dövlətin təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.

Prezidentin fərmanı ilə təsdiq edilmiş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda maliyyə və pul-kredit fəaliyyəti haqqında məlumatlar, əgər həmin məlumatların vaxtından əvvəl yayılması dövlətin təhlükəsizliyinə ziyan vura bilərsə, ümumiləşdirilmiş göstəricilər istisna olmaqla, dövlət büdcəsinin Azərbaycan Respublikası müdafiəsinin, təhlükəsizliyinin, hüquq-mühafizə fəaliyyətinin təmin olunması ilə bağlı məxaricini, icra hakimiyyəti orqanlarının smetalarındakı ayrı-ayrı maddələr üzrə pul vəsaitinin qoşunların saxlanılması üçün xərclənməsini açıqlayan məlumatlar, kəşfiyyat, əks-kəşfiyyat və ya əməliyyat-axtarış fəaliyyətinin maliyyələşdirilməsinə dair göstəricilər, əməliyyat-səfərbərlik işinin vəziyyətini, nəticələrini, habelə tədbirlərini açıqlayan məlumatlar dövlət sirri hesab olunur.

Ekspertlər nə təklif edir?

Azərbaycan Multimedia Mərkəzinin (AMM) direktoru Osman Gündüz dövlət orqanlarının internet resurslarının tələblərə cavab vermədiyini deyir.

Bir sıra qurumların internet saytlarındakı vəziyyəti qənaətbəxş hesab edən Gündüz bu sırada ilk yerlərdən birinin DİN-in saytının durduğunu deyir.

"Digər hüquq-mühafizə orqanlarının saytlarında informasiya xəsisliklə qoyulur", - deyə Mərkəz rəhbəri bildirib.

Ən çox xəsisliklə verilən informasiyalar sırasına isə, tenderlər, büdcə, yoxlamalarla bağlı məlumatlar daxildir.

Bu informasiyaların ictimaiyyətə açıqlanmasının həmin qurumların fəaliyyətindəki şəffaflıq və korrupsiya ilə mübarizə baxımında əhəmiyyətli olduğunu vurğulayan Gündüz bildirib ki, qeyd olunan məlumatların açıqlanmamsı ictimaiyyətdə qurumun fəaliyyətinin şəffaflığına şübhə yaradır.

Gündüzün sözlərinə görə, 2007-ci lin nəticəsinə görə, toplam dövlət qurumları üzrə informasiya açığılığı 17% , 2008-ci lidə isə 27 faiz təşkil edib.

Ekspert problemin həlli üçün bu sahəyə vətəndaş cəmiyyəti və dövlət tərəfindən nəzarətin gücləndirilməsini vacib sayır. Gündüz İnformasiya Məsələləri üzrə Müvəkkilin indiyədək seçilməməsini mövcud problemlərin səbəblərindən biri kimi qiymətləndirir.

Bu mövzu ilə fikirlərini öyrəndiyimiz digər ekspertlər hesab edirlər ki, hələ də ölkədə "Elektron hökumət"lə bağlı Proqram qəbul edilmədiyindən, infrastruktur problemləri həll olunmadığından, hökumət tərəfindən zəruri elektron xidmətlərin Baza siyahısı təsdiqlənmədiyindən, həmçinin lazımi maarifçilik işləri aparılmadığından internet resursları ilə bağlı ciddi problemlər qalmaqdadır.

Ekspertlər qeyd edirlər ki, bu sahədəki məsuliyyəti müəyyən edən qanunvericilik bazası formalaşmayıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində dəyişikliklər olunmayıb.

Xəbər lenti

Xəbər lenti