...

Azərbaycan Prezidenti Naxçıvanda Heydər Əliyev Sarayının əsaslı yenidənqurmadan sonra açılış mərasimində iştirak edib

Siyasət Materials 3 Avqust 2009 14:25 (UTC +04:00)
Azərbaycan Prezidenti Naxçıvanda Heydər Əliyev Sarayının əsaslı yenidənqurmadan sonra açılış mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 3-də Naxçıvan şəhərində Heydər Əliyev Sarayının əsaslı yenidənqurmadan sonra açılış mərasimində iştirak ediblər, AzərTAc dövlət agentliyi məlumat yayıb.
 
Prezident İlham Əliyev sarayın açılışını bildirən lenti kəsib və bu mədəniyyət ocağı ilə tanış olub.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlətimizin başçısına məlumat verib ki, Heydər Əliyev Sarayının yenidən qurulması işlərinə 2008-ci ilin yanvarında başlanılıb. Tikintinin ümumi ərazisi 1,8 hektar, binanın ümumi sahəsi isə 14 min 920 kvadratmetrdir. Zirzəmi qatı ilə birlikdə bina 4 mərtəbədən ibarətdir. İnşaatda yerli materiallarla yanaşı, Almaniya və Türkiyədən gətirilmiş tikinti məmulatından istifadə edilmişdir. Tikintidə 405 nəfər çalışıb.
 
Sarayda 943 yerlik konsert və 276 yerlik konfrans salonları vardır. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, Rəsm Qalereyası və Film Fondu da sarayın binasında yerləşir.

"Gəmiqaya" şirkətinin yenidən qurduğu sarayın ikinci mərtəbəsindəki 198 nəfərlik konfrans zalında üç dildə sinxron tərcümə aparmaq üçün texniki vasitələr quraşdırılmışdır. Sarayda xüsusi qonaqlar üçün ayrılmış otaq da vardır. Bundan əlavə, ikinci mərtəbədəki iki foyedə də minə qədər tamaşaçının mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır. Şüşəbənd foyeni bol və təbii işıqla təmin edir.

Müasir havalandırma sistemi ilə təchiz olunmuş sarayın səhnə hissəsi 586 kvadratmetrdir. İkimərtəbəli səhnə böyük konsert proqramlarının, Muxtar Respublikanın və ölkəmizin həyatı ilə bağlı mərasimlərin keçirilməsinə imkan yaradır.

Sarayın üçüncü mərtəbəsində rəsm qalereyası fəaliyyət göstərir. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılmış qalereyada Azərbaycan, o cümlədən Naxçıvan, həmçinin Rusiya rəssamlarının 300 əsəri nümayiş etdirilir. Azərbaycanın xalq rəssamlarının əl işlərinin toplandığı ekspozisiya zalında yağlı boya ilə kətan üzərində işlənən "Ulu öndər", "Zərifə Əliyeva", "21-ci əsr - Heydər Əliyev" əsərləri ölkəmizin müasir tarixini göz önündə canlandırır. Qalereyadakı digər maraqlı əsərlər də Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini, müstəqil Azərbaycanın reallıqlarını dolğun əks etdirir.

Sarayın ətrafında abadlıq işləri aparılmış, xüsusi zövqlə salınmış parkda şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Sarayın qarşısında ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin nümayiş olunduğu monitor quraşdırılmışdır.

Dövlətimizin başçısı burada yaradılmış şəraiti yüksək qiymətləndirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti