...

Azərbaycanın bəzi müxalifət partiyalarının yeni qanun layihəsinə təklifləri olacaq – SORĞU

Siyasət Materials 12 Avqust 2009 09:00 (UTC +04:00)
Azərbaycanın bəzi müxalifət partiyalarının yeni qanun layihəsinə təklifləri olacaq – SORĞU

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir C.Babayeva /

Trend Azərbaycanın müxalif siyasi partiyalarının "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı fikirlərini öyrənmək üçün sorğu aparıb. Sorğunun nəticələrinə əsasən, bəzi müxalifət partiyalarının qanun layihəsinə təklifləri olacaq.

Azərbaycan Sosial Demokrat Partiyasında (ASDP) "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanmasının mənasız olduğunu hesab edirlər.  

"Dünyada qəbul olunmuş siyasi partiyaların mövcudluğu prinsipləri var. Partiya fəaliyyət göstərirsə, seçkidə iştirak edirsə və ölkədə tanınırsa, o artıq qeydiyyatdan keçmiş partiya olmalıdır", -  çərşənbə axşamı Trend -a ASDP həmsədri Araz Əlizadə bildirib.

Hazırda gündəmə gətirilən partiyaların maliyyələşdirilməsi məsələsinə gəlincə, Əlizadə deyib ki, bu məsələnin də dünyada qəbul olunmuş prinsipləri var. "Parlamentdə təmsil olunan partiyalara dövlət maliyyə yardımı ayırır və balans seçicilərin sayına uyğun olur. Bütün partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi prinsipi dünyanın heç yerində yoxdur", - ASDP həmsədri bildirib.  

Dövlət qeydiyyatı olan partiyaların yenidən qeydiyyaa alınmasına gəlincə, Əlizadə bildirib ki, bu düzgün deyil. "İnsanlara müəyyən vaxtdan sonra yenidən doğum haqqında şəhadətnamə vermirlər ki", - o deyib.

Əlizadə bildirib ki, qanun layihəsinə təkliflər hazırlamaq niyyətində deyillər. "Parlamentdə təmsil olunmayan partiyaların heç sözlərinə fikir vermirlər", - o deyib.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı təklifləri olacaq. "Partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi, bütün partiyalara bərabər şəraitin yaradılması ilə bağlı Milli Məclisdə fikirlərimizi səsləndirmişik. Növbəti müzakirələrdə də təkliflərimiz olacaq", - çərşənbə axşamı Trend -a VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Azərbaycan Demokrat Partiyasının (ADP) qanun layihəsinə təklifləri olsa da, bunun detallarına varmaq istəmədiklərini bildiriblər. "Qanun cəmiyyətin inkişafına xidmət etməlidir. Bu baxımdan təkliflərimiz də məhz siyasi partiyaların inkişafı, siyasi partiya-dövlət əlaqələri, ictimai və dövlətin həyatında iştirakı məsələlərinə aid olacaq", - çərşənbə axşamı Trend -a ADP sədri Sərdar Cəlaloğlu bildirib.     

Partiyaların yenidən dövlət qeydiyyatına alınması məsələsinə gəlincə, Cəlaloğlu bildirib ki, hər bir qanun özündən sonrakı münasibətləri tənzimləyə bilər. "Gündə bir qanun qəbul edib 10-20 il bundan əvvəlki siyasi münasibətləri tənzimləmək mümkün deyil", - o deyib.

Müsavat Partiyası "Siyasi partiyalar haqqında" mövcud qanunu kifayət qədər demokratik hesab edir. "Azərbaycanda çoxpartiyalı sistemin formalaşmasında bu qanunun mühüm rolu olub. Amma təbii ki, istənilən qanunlarda olduğu kimi, bu qanunda da müəyyən boşluqlar ola bilər. Məsələn, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi, onlar üçün normal iş şəraitinin yaradılması, onların lider və ofislərinin mühafizəsi və digər bu kimi məsələlər qanunda əksini tapsa, yaxşı olardı. Hesab edirəm ki, qanundakı digər müddəalar kifayət qədər demokratik şəkildə qoyulub", -  çərşənbə axşamı Trend -a Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) hesab edirlər ki, "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişiliklər zəruridir. "Qanun müasir dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Partiyanın qanuna əlavə və dəyişikliklərlə bağlı təklifləri olub, referendumdan əvvəl və sonra Milli Məclisə və Prezident Administrasiyasına təqdim edilib", - çərşənbə axşamı Trend -a AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov bildirib.

O, qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirə olunacağı ərəfədə təkliflərin zərurət yaranacağı təqdirdə müvafiq dövlət qurumlarına təqdim olunacağını bildirib. "Partiyanın təklifləri sırasında partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi kriteriyaları göstərilib. Hesab edirik ki, maliyyələşdirilmədə partiyanın seçkidə iştirakı, beynəlxalq əməkdaşlığı, ölkə ictimaiyyətinə təsiri, yerli strukturları, bələdiyyə və parlamentdə təmsilçiliyi nəzərə alınmalıdır", - Orucov deyib.     

Trend -un arayışı: Azərbaycanın "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəsi gözlənilir. Yeni qanunda siyasi partiyaların qeydiyyatı, maliyyələşdirilməsi, fəaliyyəti, seçkilərdə iştirakı, cəmiyyətdəki rolu, beynəlxalq əməkdaşlığı və digər məsələlərin əks olunması nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti