ABŞ, Vaşinqton, 11 avqust / Trend , müxbir N.Boqdanova /
Amerikanın terrorizm və beynəlxalq təhlükəsizlik məsələləri üzrə analitiki Tomas Sanderson (Thomas Sanderson) hesab edir ki, Azərbaycan Əfqanıstanda keçirilən mülki əməliyyatlarda daha mühüm rol oynaya bilər.
"Azərbaycan əfqanların normal yaşayış şəraitini təmin etməklə infrastrukturun bərpasında müsbət rol oynaya bilər", - Trend -a transmilli təhlükələr layihəsi üzrə beynəlxalq və strateji tədqiqatlar Mərkəzinin direktor müavini və baş üzvü Sanderson bildirib.
Sandersonun sözlərinə görə, hazırda Əfqanıstanın böyük yardıma ehtiyacı var.
"Mən Əfqanıstanda olarkən azərbaycanlı əsgərlərin xidmət etdiyi Məzari-Şərifdə (Əfqanıstanın şimalında, Kabildən 400 km şimal-şərqdə) oldum və həmin əməliyyatların nə qədər vacib olduğunu gördüm. İnanıram ki, Azərbaycanın rolu daha da arta bilər", - o qeyd edib.
Sandersonun fikrincə, Azərbaycanın rolu əlavə strateji əməliyyatlarda da arta bilər. Onun sözlərinə əsasən, Azərbaycan və Gürcüstan ərazisi Əfqanıstana uçuşlar üçün əlverişlidir. "Azərbaycan və Gürcüstan dəniz limanlarından istifadə edərək yerüstü əməliyyatlarda fəal iştirak edə bilərlər", - o bildirib.
Sandersonun fikrincə, hazırda Cənubi Qafqaz ilə müqayisədə Mərkəzi Asiya Əfqanıstanda daha mühüm rol oynayır.
"Əgər Türkmənistandan danışsaq, o zaman deyə bilərik ki, Azərbaycan kimi ölkələrlə işləmək daha asandır. İnanırıq ki, ABŞ Əfqanıstanda Azərbaycanın hərbi və mülki potensialından böyük dərəcədə istifadə edə bilər, yardım nə qədər çox olarasa, vəziyyət bir o qədər yaxşı olar", - ekspert bildirib.
Sanderson həmçinin qeyd edib ki, o və həmkarları ölkə haqqında, ümumiyyətlə region haqqında daha çox məlumat toplamaq məqsədilə bu il Azərbaycana səfər etməyi planlaşdırırlar.