Azərbaycan, Bakı, 19 avqust / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü "Azərbaycan Respublikasının ərazisində yerləşən monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılmasına dair Tədbirlər planı"nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
Planda Azərbaycan Respublikasının ərazisində bədii əhəmiyyət kəsb edən monumental heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin Dövlət reyestrinin tərtibi, memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə ekspert komissiyasının yaradılması və fəaliyyətinin təşkili Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasına (Azərbaycan Rəssamlar İttifaqı və Memarlar İttifaqının təklifləri nəzərə alınmaqla) həvalə edilməsi nəzərdə tutulub.