Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir V.Javoronkova /
Rusiyanın "Komersant" qəzetinin baş redaktoru Azər Mürsəliyev hesab edir ki, Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhəmmədovun Xəzər sahilində hərbi-dəniz bazasının yaradılması barədə bəyanatı gələcək ciddi danışıqlardan xəbər verir.
"Türkmənistan liderinin sonuncu bəyanatı onun ya Avropa, ya Rusiya, ya da Azərbaycan ilə danışıq mövqeyini möhkəmlətməyə çalışmasını göstərir. Bu bəyanat - siqnallar yetərincə güclüdür və dünyaya ünvanlanıb, bu isə bir qayda olaraq ciddi danışıqlar ərəfəsində olunur", - Mürsəliyev bildirib.
Türkmənistan qısa müddət ərzində Xəzərdə Müdafiə Nazirliyi və Sərhəd Xidmətinin hərbi-dəniz bazasını yaradacaq, bazar günü Türkmənistanın Dövlət Təhlükəsizlik Şurasının geniş iclasında Prezident Qurbanqulı Berdımuhəmmədov bildirib, RİA Novosti yazır.
Berdımuhəmmədov hərbi və hüquq-mühafizə nazirlikləri və idarələrinə "qaçaqmalçılar, terrorçular və Türkmənistanın dövlət dəniz sərhədini pozmağa çalışan və ya orada qeyri-stabil vəziyyəti yaratmaq istəyən digər qüvvələrə qarşı səmərəli mübarizə aparmağı" tapşırıb
Türkmənistan Xəzərdə digər dövlətlərlə sərhədini hələ müəyyənləşdirməyib. Xəzərin dibinin bölüşdürülməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstanın bir-birinə qarşı heç bir tələbi yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli müqavilələr var. Tərəflər həmçinin bölücü xətlərin koordinatlarının müəyyənləşməsi üzrə də həmfikirdirlər. Məsələ yalnız Türkmənistan və İran tərəfi ilə razılaşdırılmayıb. Buna görə də çoxillik müzakirələrə baxmayaraq, Xəzərin statusu indiyədək müəyyənləşdirilməyib.
Azərbaycan Xəzər dövlətlərindən ilk olaraq dünyada ən böyük gölün sərhədlərinin bölünməsinə və öz müstəqilliyinin hüdudlarının müəyyənləşdirilməsinə başlayıb. Məhz Azərbaycan Respublikası ilk dəfə Xəzər dənizində öz sektorunun mövcudluğunu elan edib və 1994-cü il 20 sentyabrda qərb şirkətləri ilə PSA (production sharing agreement) - məhsul bölgüsü barədə müqavilə modeli üzrə beynəlxalq müqavilə ("Əsrin müqaviləsi") imzalamaqla bunu təsbit edib. Bu öz əksini 1995-ci ildə Azərbaycanın Əsas qanununda tapıb.
Mürsəliyevin sözlərinə əsasən, Xəzər sahillərində Türkmənistanın hərbi bazasının yaradılması ideyası yeni deyil. Onun fikrincə, hazırkı hakimiyyətin hazırkı niyyətləri hələ heç nə demək deyil, belə ki, bu, onun əhval-ruhiyyəsini və ya hər hansı bir tendensiyanı göstərir.
"Əgər Türkmənistanın bu yaxınlarda beynəlxalq məhkəməyə müraciət etmək niyyəti barədə bəyan etməsini nəzərə alsaq, hazrkı bəyanatlar da eyni məcrada əvvəlkiləri mökmələndirəcək", - Trend -a Moskvadan telefonla Mürsəliyev bildirib.
Onun fikrincə, bəyanat Türkmənistanın niyyətlərinin ciddiliyini nümayş etdirməlidir, lakin Xəzərdə Türkmənistan və onun qonşuları arasında hərbi toqquşmaların yaranması ehtimalı çox aşağıdır.
"Xəzərdə sərhədlərin delimitasiyası məsələsinin həll olunması bu bəyanat olmadan belə beştərəfli formatda real deyil", - Mürsəliyev bildirib.
Onun fikrincə, əvvəlcədən Xəzərin bölünməsinə Tehranı cəlb edilən zaman sistem səhvinə yol verilib. Mürsəliyev hesab edir ki, İranın bu problemə aiddiyyatı olmamalı idi, söhbət yalnız Sovet İttifaqının dağılmasından sonra sərhədlərin bölüşdürülməsindən gedirdi.
"Lakin İranın cəlb olunmasından sonra aydın oldu ki, hamını razı salan sxemlər mövcud deyil. Bu, bir tərəfin könnülü olaraq öz ərazisini güzəştə getməsi halında tapıla bilər ki, bunu da heç kim etmək niyyətində deyil", - Mürsəliyev bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]