...

Obamanın RƏM sistemindən imtina etməsi təbliğat xarakterlidir - iranlı ekspert

Siyasət Materials 17 Sentyabr 2009 16:35 (UTC +04:00)
Obamanın RƏM sistemindən imtina etməsi təbliğat xarakterlidir - iranlı ekspert

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir T.Cəfərov /

İranın Milli Maraqlarının Müdafiəsi üzrə Təşkilatın baş katibi və nüvə məsələləri üzrə ekspert Səid Yari hesab edir ki, ABŞ Avropada raket əleyhinə müdafiə (RƏM) sistemlərinin yerləşdirilməsi layihəsindən bütövlükdə imtina etməyib və bu layihənin icrası yenə də qüvvədədir.

"ABŞ Prezidenti Barak Obama təbliğat xarakterli bir addım ataraq, bu sistemdən imtina etməsi barədə danışır", - deyə Yari cümə axşamı Tehrandan telefonla Trend -a bildirib.

Çexiya KİV-in diplomatik mənbəyə istinadən yazdığına görə, Obama cümə axşamı Çexiyanın baş naziri Yan Fişerə ABŞ-ın Çexiya ərazisində RƏM sistemlərinin yerləşdirilməsindən imtinası barədə məlumat verib. Bu barədə RİA Novosti agentliyi xəbər verir.

Yari hesab edir ki, Barak Obama dünya maliyyə böhranı ilə əlaqədar olaraq bir sıra problemlərlə üzləşib. "Son aylarda Obamaya qarşı ABŞ-ın böyük şəhərlərində etiraz aksiyaları keçirilir.Obamanın daxili və xarici siyasətdə böyük dəyişiklik etməməsi, dünya maliyyə böhranı ABŞ daxilində böyük iqtisadi böhranlara səbəb olub. Obama administrasiyası bazara bir neçə dəfə pul vəsaiti buraxsa da, hələlik ABŞ-ın iqtisadi sistemində bu problemin həlli üçün əsaslı bir işin görülmədiyinin şahidiyik", - o deyib.

Yarinin fikrincə, RƏM sistemlərinin Avropada yerləşdirilməsi məsələsi həm NATO-nun, həm də ABŞ təhlükəsizlik orqanlarının doktrinasında nəzərdə tutulduğu üçün onun tamamilə ləğvi mümkün deyil. "RƏM sistemlərinin Avropada yerləşdirilməsi Rusiyanın nüfuzunun qarşısını almaq, İran İslam Respublikası və Cənubi Koreya tərəfindən gözlənilən təhlükəni aradan qaldırmaq məqsədi ilə həyata keçirilir. Bu məsələ NATO və ABŞ təhlükəsizlik orqanlarının doktrinasında nəzərdə tutulub", - deyə Yari deyib.

"Hazırda hansısa ölkəyə hücum etmək, qoşun yeritmək (Əfqanıstan və İraq) və ya Polşa və Çexiyada RƏM sistemlərinin yerləşdirilməsi böyük maliyyə xərclərinə səbəb olduğu üçün Obama bu cür manevr etməyə məcburdur", - deyə Yari deyib.

Yarinin sözlərinə görə, Obama bu addımı ilə ABŞ daxilində əhalinin narazılığını cüzi də olsa azaltmaq istəyir. "O özünü göstərmək istəyir ki, mən ağır hərbi xərcləri, o cümlədən qoşunların İraqdan çıxarılması, Əfqanıstandakı qoşunların sayının azalması və RƏM sistemlərinin yerləşdirilməsinin ləğvi kimi işləri görmüşəm", - deyə Yari deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti