Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir C.Babayeva/
"Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM" Xarici İşlər Nazirlərinin Şurası GUAM və Baltikyanı ölkələr arasında parlamentlərarası əməkdaşlığın tamamlanmasına dair Ukraynanın təşəbbüsünü dəstəkləyib.
Bu qərar GUAM - Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 10-cu iclasında qəbul edilib. İclas Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilib. Bu haqda məlumatı GUAM icraçı katibliyi yayıb.
Bununla əlaqədar GUAM və Baltikyanı ölkələrin görüşlərinin Milli Koordinatorlar Şurası səviyyəsində təşkil edilməsi işinin davam etdirilməsinə dair qərar qəbul edilib.
XİNŞ həmçinin GUAM-ın digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini müzakirə edib. XİNŞ GUAM-ın ABŞ və Yaponiya ilə qarşılıqlı əlaqəsinin hazırkı səviyyəsindən məmnun olduğunu bildirib və GUAM-ın Polşa və Çexiya ilə əməkdaşlığının konkret layihələr vasitəsilə möhkəmləndirilməsi zərurəti ilə razılaşıb.
XİNŞ Azərbaycanın 2009-2010-cu illərdə informasiya texnologiyaları məsələləri üzrə İşçi qrupun ölkə koordinatoru öhdəliyini öz üzərinə götürməsi təşəbbüsünü alqışlayıb və müvafiq qərar qəbul edib. XİNŞ GUAM-ABŞ-ın "Beynəlxalq standartlar və təcrübəyə əsaslanaraq GUAM Nəqliyyat dəhlizində sərhəd boyu nəzarətin metodologiyası və texnologiyasının təkmilləşdirilməsi: nəqliyyat vasitələrinin yoxlanması" adlı Çərçivə proqramının yeni sub-layihələrinin təsdiqi, Gürcüstanın təşkilatda sədrliyinin 2009-cu ilin sonuna qədər uzadılması, həmçinin 2010-cu il üçün GUAM-ın büdcəsinin təsdiqinə dair qərar qəbul edib.
XİNŞ 2009-cu ilin dekabr ayında Afinada keçiriləcək XİNŞ-ATƏT iclası çərçivəsində növbəti iclasının keçirilməsinə dair qərar qəbul edib.