Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Rumıniya Senatının sədri Mirça Coana ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Mirça Coana bildirib ki, ölkəsi Azərbaycan ilə ikitərəfli münasibətlərə böyük önəm verir və əlaqələrimiz strateji xarakter daşıyır. Azərbaycan Prezidentinin Rumıniyaya rəsmi səfərinin əhəmiyyətini vurğulayan Senatın sədri deyib ki, Azərbaycan bütün sahələrdə mühüm dövlətdir, bizə dost ölkədir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafında əvəzsiz xidmətlərini xüsusi qeyd edən Mirça Coana ölkəsinin Azərbaycan ilə əlaqələrinin bundan sonra da daim inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycan-Rumıniya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini deyib. Siyasi, iqtisadi əlaqələrimizin genişləndiyini, enerji sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirən dövlətimizin başçısı, səfər çərçivəsində prezidentlərin imzaladığı "Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılması razılaşması haqqında Birgə Bəyannamə"nin əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu sənəd geniş sahələri əhatə edir, əlaqələrimizin ruhunu əks etdirir. Prezident İlham Əliyev Bəyannamənin əlaqələrimizin bundan sonra da genişlənməsinə öz töhfəsini verəcəyini bildirib.
Dövlət başçısı ikitərəfli münasibətlər baxımından qarşıda böyük birgə layihələrin olduğunu deyib və bildirib ki, Avropaya inteqrasiya məsələlərində Rumıniya Azərbaycana dəstək verir.
Görüşün sonunda Mirça Coana Rumıniya Senatının 140 illiyinə həsr olunmuş xatirə medalını Prezident İlham Əliyevə təqdim edib.