Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir E.Hüseynli/
Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri, general-leytenant Amangeldı Şabdarbayevi qəbul edib. Bu barədə cümə günü Trend -a MTN-in İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.
Mahmudov Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədrinin Azərbaycana səfərini hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirib.
Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlıq, hazırda ən aktual problem olan terrorçuluqla mübarizə sahəsində görülən işlər, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri və bundan irəli gələn məsələlər müzakirə edilib, həmçinin enerji və Xəzər hövzəsi bioresurslarının təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan və Qazaxıstan xüsusi xidmət orqanları arasında bütün bu sahələr üzrə informasiya və ekspert mübadiləsinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.
Nazir Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluqla mübarizə sahəsində, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərin mövcudluğundan irəli gələn fəsadlar barədə ətraflı məlumat verib.
Amangeldı Şabdarbayev, hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirib, Qazaxıstan və Azərbaycan, həmçinin müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun olduğunu qeyd edib.
İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]