...

Azərbaycan Parlamentinin deputatları Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla bağlı müzakirələrə başlayacaq

Siyasət Materials 12 Oktyabr 2009 11:55 (UTC +04:00)
“Azərbaycanın xarici siyasətini təmsil edəcək səviyyədə heyətlərin Türkiyəyə gedəcəyi nəzərdə tutulur, artıq bu sahədə işlər görülür”, - bazar ertəsi Trend News-a Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərov bildirib.
Azərbaycan Parlamentinin deputatları Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla bağlı müzakirələrə başlayacaq

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir A..Hüseynbala/

Azərbaycanın Türkiyə ilə parlamentlərarası dostluq qrupu Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla bağlı müzakirələrə başlayacaq.

Bununla bağlı azərbaycanlı deputatlardan ibarət 11 nəfərlik nümayəndə heyəti sabah Türkiyəyə gedəcək.

"Azərbaycanın xarici siyasətini təmsil edəcək səviyyədə heyətlərin Türkiyəyə gedəcəyi nəzərdə tutulur, artıq bu sahədə işlər görülür. Səfər çərçivəsində Türkiyənin hökumət nümayəndələri ilə görüşlər nəzərdə tutulur", - bazar ertəsi Trend -a Azərbaycan- Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərov bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Ankara-Yerevan protokolları İsveçrənin Sürix şəhərində Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan tərəfindən imzalanıb.

Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək.

Cəfərovun sözlərinə görə, Türkiyənin həm iqtidar nümayəndələri, həm müxalifəti, həm də bütövlükdə Türkiyə cəmiyyətində nüfuzu olan insanlarla görüşlər keçiriləcək.

"Hətta düşünürəm ki, bu, Türkiyə dövlətinin öz iradəsini həyata keçirməsi üçün də onlara kömək ola bilər. Çünki Türkiyə özü də maraqlıdır ki, Ermənistan zəruri beynəlxalq tələblərə riayət etsin", - millət vəkili əlavə edib.

Dostluq qrupunun rəhbəri deyib ki, onların nəzərdə tutduqları görüşlərdə məqsəd təkcə protokolun parlamentdə ratifikasıya olunmasına etiraz etmək deyil.

"Məqsədimiz həm də Türkiyə tərəfinin regionda sülhün bərqərar olması prosesində iştirakına dəstək verməkdir. Biz istəyirik ki, sərhədlərin açılması məsələsi Türkiyənin Ermənistana kömək verməsi kimi görünməsin", - Cəfərov vurğulayıb.

Protokolların imzalanmasına gəldikdə, millət vəkili deyib ki, bu, Türkiyənin regionda gərginliyi aradan qaldırmaq üçün atdığı ilk addımdır: "Protokollarda Ermənistanın "soyqırım" iddiasından əl çəkməsi, Dağlıq Qarabağın işğaldan azad olunması ilə bağlı müddəalar öz əksini tapmasa da, amma mahiyyətində Dağlıq Qarabağ problemi əsas məsələ kimi dayanır. Türkiyənin rəhbərləri, protokolu imzalayanlar dəfələrlə bunu qeyd ediblər. Hətta protokolun imzalanmasından dərhal sonra xarici işlər naziri Əhməd Davudoğlu TRT kanalında bunu geniş şəkildə şərh etdi. O bir daha qeyd etdi ki, ən azı Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad olunmadan protokolun hüquqi dəyəri yoxdur", - millət vəkili qeyd edib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə qeyd edib ki, Türkiyə rəhbərliyinin verdiyi sözə inanırıq və onu da yaxşı bilirik ki, Dağlıq Qarabağ məsələsi nizamlanmasa regionda iddia olunan sülh baş tutmayacaq.

"Biz güman edirik ki, erməni tərəfi də Türkiyənin təmiz niyyətini başa düşəcək və protokollar Böyük Millət Məclisində səsə qoyulana qədər, hətta ilk müzakirələr aparılana qədər ciddi addım atıb 7 rayonu boşaldacaq. Bu proses başa verməsə, güman edirəm ki, BMM-də protokollara, ümumiyyətlə səs verilməyəcək", - dostluq qrupunun rəhbəri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti