Azərbaycan Prezidenti Avropada Ədalətli Oyunlar Hərəkatının Bakıda keçirilən XV konqresinin iştirakçılarına məktub ünvanlayıb, bu barədə Azər Tac dövlət informasiya agentliyi məlumat verib.
"Yarandığı vaxtdan etibarən öz prinsiplərinə sadiq qalaraq idmanda ədalətsizliyə, zorakılığa, dini və irqi ayrı-seçkiliyə, yarış qaydalarının pozulması hallarına qarşı mübarizə aparan Hərəkatınızın nəcib məqsədləri Azərbaycanda layiqincə qiymətləndirilir. Gənc nəslin ahəngdar inkişafı, idmanda ədalətli mübarizə ruhunun, yüksək mədəni davranış qaydalarının aşılanması və ədalətin hər zaman qorunması məsələlərinin həlli istiqamətində ardıcıl həyata keçirdiyiniz tədbirləri bütün idmançılarımız təqdirəlayiq hesab edirlər. İnanıram ki, hazırda 40-dan artıq ölkənin daxil olduğu Hərəkat özünün fəaliyyət dairəsini ildən-ilə genişləndirəcəkdir", - məktubda deyilir.
Prezident İlham Əliyev möhtəşəm idman tədbirlərinin keçirilməsində böyük təcrübəyə malik paytaxtımızla tanışlığın və Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında uğurla çıxış edən idmançılarımızla görüşlərin konqres iştirakçılarında xoş təəssürat yaradacağına əmin olduğunu ifadə edib.