...

Azərbaycanda digər ölkələrdən gələn insan alveri qurbanlarının istismarı ilə bağlı faktlar qeydə alınmayıb - DİN-in idarə rəisi

Siyasət Materials 27 Oktyabr 2009 11:23 (UTC +04:00)
Azərbaycanda digər ölkələrdən gələn insan alveri qurbanlarının istismarı ilə bağlı faktlar qeydə alınmayıb, Trend News-un məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev məlumat verib.
Azərbaycanda digər ölkələrdən gələn insan alveri qurbanlarının istismarı ilə bağlı faktlar qeydə alınmayıb - DİN-in idarə rəisi

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycanda digər ölkələrdən gələn insan alveri qurbanlarının istismarı ilə bağlı faktlar qeydə alınmayıb, Trend -un məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev məlumat verib.

"Ölkə inkişaf etdikcə gələcəkdə başqa ölkələrdən gələn qurbanların Azərbaycanda istismar olunmasını istisna etmirik. Lakin hazırda belə fakt yoxdur, olsa da, çox cüzidir. Qurbanlar xarici ölkələrdə istismar olunan Azərbaycan vətəndaşlarıdır", - deyə Şıxəliyev vurğulayıb.

Şıxəliyev insan alveri ilə bağlı beynəlxalq hesabatlarda azərbaycanın tranzit bir ölkə olması ilə bağlı fikirləri də qəbul etmədiyini deyib.

"Əgər Azərbaycana xarici ölkədən gələn hər hansı bir şəxs bizim ölkədən İrana, BƏƏ-yə gedirsə, biz ona necə mane ola bilərik? Bu barədə bizdə əvvəlcədən əməliyyat məlumatları olmadığı halda həmin şəxslərin xarici ölkəyə hansı məqsədlə getdiyini deyə bilmərik", - deyə idarəs rəsmisi qeyd edib.

Şıxəliyev İnsan Alveri Qurbanlarının Milli İstiqamətləndirilməsi Mexanizmi ilə bağlı keçirilən "dəyirmi masa"da bildirib ki, 2009-cu ilin ötən dövrü ərzində həyata keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində Azərbaycanda insan alveri ilə bağlı 71 cinayət faktı qeydə alınıb.

Cinayəti törədən 18 cinayətkar qrup, o cümlədən 1 mütəşəkkil dəstə zərərsizləşdirilib, bütövlükdə 65 cinayətkar ifşa edilib.

Bu cinayətlərin qurbanı olan 82 nəfərdən 47-si, o cümlədən bir uşaq sığınacağa yerləşdirilib, onlara hüquqi, tibbi və psixoloji yardımlar göstərilib, əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub. Qurbanlardan 17 nəfəri işlə təmin edilib, 32 nəfər peşə kurslarına cəlb olunublar.

Sığınacağa yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan azyaşlılardan biri Təhsil Nazirliyi tərəfindən internat məktəbinə, üçü uşaq bağçasına yerləşdirilib.

İnsan alverindən zərər çəkmiş 76 nəfərə birdəfəlik müavinətlər, 43 nəfərə insan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib, 11 qurbana cinayət nəticəsində dəymiş maddi ziyan məhkəmə proseslərində ödətdirilib.

Cari ilin 9 ayında ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 217, o cümlədən fahişəliyə cəlb etməyə görə 72, əxlaqsızlıq yuvaları saxlama ilə əlaqədar 134 cinayət aşkar edilərək, onları törətmiş 160 nəfər məsuliyyətə cəlb edilib. Fahişəliklə məşğul olan 749 qadın barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülüb.

2005-2008-ci illərdə və cari ilin ötən dövründə insan alveri cinayətləri ilə bağlı aşkarlanmış 1298 fakt üzrə 1185 nəfər məsuliyyətə cəlb olunub, 192 cinayətkar qrup, o cümlədən 15 mütəşəkkil dəstə zərərsizləşdirilib.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şıxəliyev qurbanlara verilən birdəfəlik müavinətlərin də artırılacağını bildirib. İdarə rəisinin sözlərinə görə, qurbanların aldığı 33 manat məbləğində müavinətlər 600 manata çatdırılacaq. Onun sözlərinə görə, bu haqqda Nazirlər Kabineti müvafiq qərar qəbul edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti