Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir M. Əliyev/
Müxalifət partiyaları qarşılıqlı etimad əsasında deyil, bir-birilə şərtlərlə danışdıqlarından onların birliyindən söhbət gedə bilməz, Trend -un məlumatına görə, çərşənbə axşamı YAP İcra katibinin müavini Siyavuş Novruzov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
"Müxalifətin yaratdığı təşkilatlar dağılacaq. Görülən işlər təmənnalı olmamalıdır", - Novruzov əlavə edib.
Müxalifət partiyalarını özündə birləşdirən "Qarabağ və Respublika Uğrunda Hərəkat" daxilində ciddi narazılıqlar yaranıb.
Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.
Bələdiyyə seçkilərində YAP-dan başqa digər partiyaların meydanda olmamasına fikir bildirən YAP icra katibinin müavininin sözlərinə görə, bunun səbəbi digər partiyaların seçkilərə hazırlı olmadıqlarından partiya şəklində seçkidə iştirak edə bilməməsidir.
"Onlar o qədər hazırlıqsızdırlar ki, seçki elan olunandan sonra namizəd axtarmağa başlayıblar. Halbuki, seçkiyə start verilənə qədər YAP-ın namizədləri də müəyyənləşmişdi, müvafiq sənədlər də hazırlanmışdı. Bir ildir ki, biz bələdiyyə seçkilərinə hazırlaşırıq", - Novruzov bildirib.
Onun sözlərinə görə, partiyaların daim seçkilərdə iştirak edib müasir seçki texnologiyalardan istifadə etməsi vacib şərtdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]