Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov italiyalı həmkarını qəbul edib.
MTN-in ictimai əlaqələr mərkəzindən cümə axşamı Trend -a verilən məlumata görə, Eldar Mahmudovun İtaliyanın Xarici Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin baş direktoru vitse-admiral Bruno Brançiforteni ilə görüşündə transmilli mütəşəkkil cinayətkarlıqla, eləcədə hazırda beynəlxalq aləm üçün ən təhlükəli cinayətlərdən olan terrorçuluqla mübarizə sahəsində görülən işlər və digər aktual məsələlər, habelə ölkələrimizin xüsusi xidmət orqanları arasında işgüzar və səmərəli əməkdaşlığın əməli inkişaf perspektivləri ilə bağlı müzakirə aparılıb.
Nazir Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar haqqında qonağa ətraflı məlumat verib.
Brançiforte İtaliya və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını, keçirilmiş dialoqların və məlumat mübadilələrinin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]