...

Azərbaycan Prezidenti Fransa Milli Assambleyasının sədri ilə görüşüb

Siyasət Materials 9 Dekabr 2009 19:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Fransa Milli Assambleyasının sədri Bernar Akoyerlə görüşüb.
Azərbaycan Prezidenti Fransa Milli Assambleyasının sədri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Fransa Milli Assambleyasının sədri Bernar Akoyerlə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Fransa Azərbaycana və şəxsən Sizin fəaliyyətinizə maraq göstərir", - Bernar Akoyer deyib. Parlamentlərarası əlaqələrin uğurla tərəqqi etdiyini bildirən Akoyer parlametlərarası əməkdaşlığın bundan sonra da inkişafı üçün öz tərəfindən bütün səyləri əsirgəməyəcəyini deyib.

"Ölkələrimiz arasında dostluq əlaqələri mövcuddur. Bu, Sizin Fransa Prezidenti Nikola Sarkozi ilə şəxsi münasibətlərinizdə də özünü göstərir", - o deyib.

Ölkələrimiz arasında digər sahələrdə də əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdıran Akoyer bildirib ki, dünya iqtisadi böhranı dövründə Fransanın Azərbaycan ilə əlaqələri xüsusi əhəmiyyət kəsb edir. "Bizim Azərbaycan ilə iqtisadi əlaqələrimiz durmadan inkişaf edir. Fransa üçün Azərbaycan ilə iqtisadi əlaqələr böyük önəm daşıyır. Bu sahədə maraqlarımız bir-birini tamamlayır. İqtisadi sahədə möhkəm olan əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminəm", - o deyib.

Energetika sahəsində əlaqələri xüsusi qeyd edən Milli Assambleyanın sədri deyib ki, biz enerji təhlükəsizliyi məsələsinə böyük əhəmiyyət veririk və Azərbaycana bu sahədə fəaliyyət göstərən çox mühüm ölkələrdən biri kimi baxırıq.

Azərbaycan Prezidenti İlham Əliyev əmin olduğunu vurğulayıb ki, bu səfər münasibətlərimizin inkişafında mühüm addım olacaq, əlaqələrimiz gələcəkdə də möhkəmlənəcək. "Ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edir, geniş sahələri əhatə edir. İkitərəfli münasibətlərimiz qarşılıqlı maraqlar üzərində qurulub və böyük perspektivlərə malikdir", - İlham Əliyev deyib.

Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev deyib ki, bu, onun Fransaya üçüncü səfəridir. "Nəzərə alsaq ki, beş ildə bir dövlət və iki rəsmi səfər həyata keçirilib, bu da əlaqələrimizin yaxşı göstəricisidir", - dövlət başçısı bildirib.

Prezident İlham Əliyev deyib ki, ikitərəfli münasibətlərimiz çoxşaxəlidir. "Siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimiz güclənir. Parlamentlərarası əməkdaşlığa böyük əhəmiyyət veririk və bu səfər uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin perspektivlərini və həmin sahədə konkret addımları nəzərdən keçirmək üçün yaxşı imkan yaradır", - Azərbaycan Prezidenti vurğulayıb.

İqtisadi sahədə də əlaqələrimizin durmadan inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, Fransa şirkətləri Azərbaycanda fəaldır. "Fransa şirkətləri ilə neft-qaz, energetika və digər sahələrdə fəal əməkdaşlıq edirik", - o qeyd edib.

Dövlətimizin başçısı energetika sahəsində görülən işlər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu və perspektivləri barədə danışıb.

Fransa Milli Assambleyasının sədri Bernar Akoyer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanıb.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların vəziyyəti və perspektivləri barədə söhbət açıb.

Fransa Milli Assambleyasının sədri Bernar Akoyer dövlətimizin başçısını yola salıb.

Xəbər lenti

Xəbər lenti