...

Azərbaycanın Gəncə şəhərində seçicilərin 31,17 faizi səsvermədə iştirak edib

Siyasət Materials 23 Dekabr 2009 19:25 (UTC +04:00)

Azərbaycan, Gəncə, 23 dekabr / Trend , müxbir V.Məmmədov/

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) bələdiyyə seçkisi ilə bağlı səsvermə başa çatıb, seçicilərin 31,17 faizi (46 189 seçici) səsvermədə iştirak edib. Bu barədə Trend -a 37 və 38 saylı Nizami, 39 və 40 saylı Kəpəz seçki komissiyalarından məlumat verilib.

Həmin dairələrdə 148 150 nəfər seçici qeydə alınıb. 108 məntəqədə səsvermə keçirilib.

1531 yerli müşahidəçi Gəncədə seçkiləri izləyib.

Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılanların 100 faizi səsvermədə iştirak edib. 39 saylı DSK-da fəaliyyət göstərən hərbi məntəqələrdə hərbçilərin 99,8 faizi, 40 saylı DSK-da isə 91 faizə yaxın hərbçi səsvermədə iştirak edib.

Səsvermə 19:00-da başa çatıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Xəbər lenti

Xəbər lenti