Azərbaycan, Bakı, 13 yanvar Trend , müxbir S.Ağayeva/
Trend -un Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovla müsahibəsi
- "Freedom House" təşkilatı "Dünyada azadlıq - 2009" üzrə illik məruzəsində Azərbaycanı söz azadlığının olmadığı ölkə adlandırıb. Ermənistanda azad sözlə bağlı vəziyyət analoji beynəlxalq təşkilatların çoxsaylı hesabatlarında olduqca pis qiymətləndirildiyi halda bu məruzədə Ermənistan "qismən azad" ölkələr kateqoriyasına daxil edilib. Fikrinizcə, "Freedom House" təşkilatının məruzəsini nə dərəcədə obyektiv hesab etmək olar?
- "Freedom House"-un qiymətləndirməsi xarici sifarişlə işləyən bir qrup insanın subyektiv qiymətləndirməsidir. 2008-ci il mart hadisələrində deputatlar, jurnalistlər və adi vətəndaşların həbs edildiyi və onlarla diplomatın iş imkanlarından məhrum olunduğu bir ölkənin bu şəkildə qiymətləndirilməsini başqa cür adlandırmaq olmaz. "Freedom House" özünə bu cür qiymət qoyur və sadəcə olaraq maliyyə böhranından itkisiz çıxmağa çalışır.
Digər tərəfdən bu təşkilat Dağlıq Qarabağı mübahisəli ərazi adlandırır. Bu fakt da onun qərəzsizliyini tamamilə şübhə altına salır.
- Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə əlaqədar həyata keçirilən çoxsaylı tədbirlərə baxmayaraq belə fikirlər səslənir ki, bir çox beynəlxalq təşkilatlar ölkəyə zəif qiymət verir. Fikrinizcə, beynəlxalq təşkilatların Azərbaycana qarşı bu cür ikili standartları nə ilə bağlıdır?
- Mən bir çox beynəlxalq təşkilatların Azərbaycana zəif qiymət verməsi fikri ilə razılaşmıram. Əgər Dünya Bankı və bir sıra müxtəlif "beyin mərkəzləri" kimi kifayət qədər avtoritet strukturların hesabatlarını vərəqləsək, o zaman Azərbaycanın regionda gücləndirilmiş təsir faktının təsdiqini müşahidə edərik. Bu, həm siyasi, həm də iqtisadi faktordur. Bu gün hamıya məlumdur ki, Azərbaycan inkişaf edir.
Dövlət müstəqil kütləvi informasiya vasitələrinə və vətəndaş cəmiyyətlərinə dəstək göstərərək demokratiya sahəsində zəruri və mühüm addımlar atır. Bunlar sadəcə olaraq sözlər deyil, real faktlardır. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması buna parlaq nümunədir. Sosial-humanitar layihələr sahəsində 7 milyonluq büdcəsi olan Elmin İnkişafı Fondundan tutmuş vətəndaş cəmiyyətinin inkişafını nəzərdə tutan qabaqlayıcı tədbirlərə kimi bir sıra tədbirlər həyata keçirilir. Dünya iqtisadi böhranına baxmayaraq iqtisadiyyat sahəsində inkişaf davam edir. Tikinti işləri isə ölkənin hər yerində aparılır və bu ondan xəbər verir ki, biz infrastrukturları inkişaf etdiririk. Bu gün Ermənistanda cinayətkarlığın səviyyəsi 56,6 faiz artıb. Erməni ekspertlərin fikrincə, Ermənistanın xarici borcları ÜDM-in 46 faizini təşkil edir. Ruzveltin dediyi kimi, "ehtiyac və azadlıq bir araya sığmaz".
Buna görə də, təkrar edirəm ki, bəzi təşkilatlar öz şəxsi mənfəətpərəst maraqlarından çıxış edirlər. Təbii ki, heç kəs deyə bilməz ki, ölkədə hər şeyə nail olunub, lakin bizi tənqid etməyə də dəyməz. Biz tənqidi zəruri hesab edirik, lakin tənqidlər həqiqətəuyğun olmalıdır. Xüsusilə vurğulayıram ki, Azərbaycan inkişaf edir və Ermənistan kimi tənəzzül etmir. Azərbaycan Prezidentinin həyata keçirdiyi hər bir təşəbbüs gələcək illər üçün nəzərdə tutulub və dövlətin, cəmiyyətin inkişafına xidmət edir.
"Fredom House" Ermənistanda KİV-ə və vətəndaş cəmiyyətinə analoji dəstəyi təsdiq edə bilərmi? Belə çıxır ki, Azərbaycan kütləvi informasiya vasitələrinin layihələrini dəstəkləyirsə, onların inkişafı üçün şərait yaradırsa, Ermənistanda olduğu kimi qəzet və telekanallara qadağa qoymursa, üstəlik vətəndaş cəmiyyətinin inkişafına, "üçüncü sektor"a yönəldilmiş addımlar atırsa, bu zaman biz "qeyri-azad" oluruq? Bu, konyunktur maraqlar tərəfindən müəyyən edilmiş cəfəngiyatdır.
- Bu yaxınlarda "Freedom House" öz saytında Azərbaycanın ərazi bütövlüyünün dünyanın bütün ölkələri, o cümlədən "Freedom House"-un fəaliyyət göstərdiyi ABŞ tərəfindən qəbul edilməsinə, eləcə də BMT-nin Baş Assambleyasının və digər beynəlxalq təşkilatların qətnamələri ilə təsdiq edilməsinə baxmayaraq, Dağlıq Qarabağın Ermənistan və Azərbaycan arasında mübahisəli ərazi kimi göstərildiyi xəritə yerləşdirib. Bu ondan xəbər vermirmi ki, bu təşkilat Azərbaycanla kifayət qədər tanış deyil?
- Bu təşkilat ümumilikdə regionla tanış deyil. Ermənistandakı siyasi və iqtisadi resessiyaları bilmir. Bu məruzə klientalistlər qrupunun şəxsi düşüncələrinin məhsuludur. Niyə bu təşkilat Xocalıda törədilən faciə haqqında susur, erməni separatçılarının törətdikləri faktlardan danışmır, Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğunu görmür və buna göz yumur? Bütün bunlar göstərir ki, həmin sənədlər bu materialları hazırlayan şəxslərin maraqlarına xidmət edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]