...

İran Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir - səfir Məhəmməd Baqir Bəhrami (MÜSAHİBƏ)

Siyasət Materials 1 Fevral 2010 09:00 (UTC +04:00)
Fevralın 11-də İranda İslam inqilabının 31-ci ildönümü keçiriləcək. Bu hadisə ərəfəsində Trend News agentliyi İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhramidən ölkədə hazırkı vəziyyət, ölkənin Azərbaycanla ikitərfli əlaqələrin səviyyəsi, həmçinin xarici siyasətin digər tərəfləri barədə məlumat verməsi üçün müsahibə götürüb.
İran Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir - səfir Məhəmməd Baqir Bəhrami (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 1 fevral /Trend New, müxbir T.Cəfərov/

Fevralın 11-də İranda İslam inqilabının 31-ci ildönümü keçiriləcək. Bu hadisə ərəfəsində Trend agentliyi İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhramidən ölkədə hazırkı vəziyyət, ölkənin Azərbaycanla ikitərfli əlaqələrin səviyyəsi, həmçinin xarici siyasətin digər tərəfləri barədə məlumat verməsi üçün müsahibə götürüb.

- İran və Azərbaycan arasında əlaqələrin mövcud vəziyyətini və gələcək perspektivlərini necə görürsünüz? Bu il iki ölkə arasında nə kimi proqramlar icra olunacaq?

- İran İslam Respublikası və Azərbaycan Respublikası arasında əlaqələr strateji əlaqələrdir. İran İslam Respublikası öz siyasətində Azərbaycanla əlaqələrin inkişafına xüsusi yer ayırır.

İranın regiondakı rolu, qonşu ölkələrlə, xüsusi ilə Azərbaycanla yaxşı münasibətləri, Azərbaycanla müştərək mədəniyyət, din və dilə sahib olması Azərbaycanın İran üçün xüsusi əhəmiyyət kəsb etməsinə dəlalət edir. (Bilirsiniz ki, İranın bəzi sərhəd regionlarında Azərbaycan dilində danışılır)

Şükürlər olsun ki, ötən illərdə iki ölkə arasında yaxşı münasibətlər qurulub və cənab İlham Əliyevin ötən il Tehrana səfərindən sonra bütün sahələrdə siyasi, ictimai, iqtisadi, mədəni, təhlükəsizlik sahələrində iki ölkə arasında əməkdaşlıqlar üçün yeni səhifə açıldı. Ümid edirəm ki, hazırlanmış proqramlar hər iki prezidentin iradəsi ilə həyata keçiriləcək.

Cari ildə iki ölkə arasında imzalanmış müqavilə və razılaşmalar (müştərək komissiyalar və prezidentlər tərəfindən imzalanmış razılaşmalar) icra olunacaq. Yeni təkliflər də mövcuddur ki, çalışmalar nəticəsində icra olunacaq, inşallah.

İki ölkənin rəsmiləri və qurumları arasında əlaqələrin inkişaf etdirilməsi də çox əhəmiyyətlidir. Ötən il ərzində iki ölkənin rəsmilərinin qarşılıqlı səfərləri haqda deyə bilərəm ki, İranın yüksək çinli rəsmilərindən 30 nəfər, o cümlədən prezidentin müavinləri, nazirlərin müavinləri və parlament nümayəndələri Azərbaycana səfər edib. Azərbaycanın xarici işlər naziri cənab Elmar Məmmədyarovun Tehrana səfəri də çox əhəmiyyətli səfər idi.

Cənab İlham Əliyevin İran İslam Respublikasının Dağlıq Qarabağ probleminin həllində dost və qardaş Azərbaycan dövlətinə kömək etməsinə razılıq verməsi və İranın Azərbaycandan qaz alması məsələləri də gündəmdədir. Bir müddət öncə İran və Azərbaycan arasında qaz alınmasına dair müqavilələrdən biri imzalandı. Ümid edirəm ki, Azərbaycandan alacağımız qazın miqdarı 2 milyard kubmetrə kimi artırılacaq.

Hazırda İran və Azərbaycan arasında üç ay ərzində qazın alınması məqsədi ilə müqavilə imzalanıb. Müqavilənin 100 gün ərzində icrası zamanı əlavə 2 milyard kubmetr qazın alınmasına görə də müqavilənin imzalanmasına nail olacağıq. Əlbəttə, biz Azərbaycandan alınacaq qazın miqdarının 5 milyard kubmetrədək artırılmasını istəyirik. Bunun üçün yeni boru kəmərinin çəkilməsinə ehtiyac var və bu haqda da müzakirələr aparılıb.

Ötən ildə diqqət mərkəzində olan və həyata keçirilən məsələlərdən biri də idman, mədəniyyət və elm sahələri üzrə nümayəndə heyətlərinin İrana səfər etməsidir.

İran İslam Respublikası tərəfindən atılmış əhəmiyyətli addımardan biri də viza rejiminin birtərəfli ləğvi məsələsidir ki, bu, İranın Azərbaycandakı səfirliyi tərəfindən təklif olunmuş və mənim davamlı səylərimlə həyata keçirildi. Viza rejimin ləğvi İran İslam İnqilabının qələbə çalmasının ildönümü və İranda "Fəcr ongünlüyü" bayram tədbirlərinin başlanması münasibəti ilə fevralın 1-dən etibarən həyata keçiriləcək.

Azərbaycan Parlamentinin spikeri Oktay Əsədov cənabları İran Parlamentinin spikeri tərəfindən İrana dəvət olunub. Ümid edirəm ki, bu səfər fevral ayının 20-nə kimi baş tutacaq. Eləcə də İran İslam Respublikasının Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili Azərbaycan Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevi İrana səfərə dəvət edib. Bu səfərin vaxtı hələlik dəqiq deyil. Bunun üçün mən cənab Mehdiyevlə görüşüb səfərin vaxtını müzakirə etməliyəm.

- Sizin fikrinizcə, İran və Azərbaycan əlaqələrinin inkişaf etdirilməsinə mane olan amillər mövcuddurmu? İki ölkə arasında siyasi dialoqları artırmaq üçün nə kimi işlər görülməlidir?

- Mən iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində heç bir maneə görmürəm. İnşallah, iki ölkə prezidentlərinin təşəbbüsü ilə hazırlanmış proqramlar həyata keçiriləcək və bu, iki ölkə arasındakı əlaqələrin inkişafında sıçrayış olacaq. Ölkələrimiz arasında siyasi dialoqların artırılması üçün qarşılıqlı səfərlər, görüşlər və danışıqlar davam etdirilməlidir.

- İran Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həllində hansı köməyi göstərə bilər?

- İran İslam Respublikası Dağlıq Qarabağ probleminin ilk başlandığı gündən bu problemin ancaq region ölkələrinin özü tərəfindən həll oluna biləcəyinə inanır. İran İslam Respublikasının fikrincə, regiondan kənar ölkələrin hər biri yalnız öz mənafelərini güdür, Qarabağ problemini öz mənafelərini təmin etmək üçün vasitə kimi görürlər. Regionun xaricində olan ölkələr regionda nüfuzunun artırılması, enerji məsələləri və etnik məsələlər kimi hədəflər güdürlər. Bu baxımdan, münaqişə tərəfləri özləri ayrıca qərar qəbul etməklə problemin həllinə çalışmalıdırlar. İran müxtəlif səbəblərdən bu probemin həllinə dair müzakirələrə müsbət təsir etmə imkanına malikdir. Birincisi, İran münaqişə zonasına ən yaxın ölkədir və münaqişənin baş vermə səbəblərinə bələddir. Eləcə də İran problemin ədalətli həlli üçün əvvəllər fəaliyyət göstərib. İran münaqişənin başlandığı gündən həmişə çalışıb ki, münaqişə tərəfləri arasında maneələr aradan götürülsün və hər iki tərəfi qane edəcək nəticə əldə olunsun. Regionda əldə olunmuş hər hansı razılığın birbaşa və ya dolayısı ilə İrana təsiri olacaq. Bu baxımdan, İranın da ədalətli vasitəçi kimi bu müzakirələrə qoşulması lazımdır. İran müxtəlif səbəblərdən tərəflərlə müzakirə aparmaq üçün çox yaxşı potensiala malikdir. Azərbaycan İranın bu potensialından münaqişənin müsbət həllinə təsir göstərmək üçün istifadə edə bilər. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən strateji siyasət yürüdür və Azərbaycan Respublikası İranın regiondakı məsələlərdəki roluna ümid bəsləyə bilər.

- İran münaqişə tərəfləri olan hər iki ölkə ilə qonşu olduğundan, təbiidir ki, öz sərhədlərinin yaxınlığında baş verən münaqişəyə laqeyd yanaşa bilməz. Region hazırda kənar ölkələrin bir-biri ilə hesablaşma meydanına çevrilib. İran İslam Respublikası təklifləri bu problemin reallıqarını görmək və münaqişənin uzanmasına səbəb olan amilləri araşdırmaqdır. İran inanır ki, münaqişə tərəflərinin özləri ilə müzakirə etməklə, ölkələrin ərazi bütövlüyünü qorumaq və qarşılıqlı ehtiram şəraitində və ədalətli vasitəçiliklə problemin həlli yönündə müsbət addımlar atmaq olar.

Yuxarıda qeyd etdiyim kimi, İran İslam Respublikası həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyıb və problemin həlli üçün hər hansı bir layihədə bu şərtin vacibliyini vurğulayıb. Münaqişənin həlli üçün geosiyasi detallarla birlikdə müxtəlif layihələr vardər, lakin hər halda İran münaqişənin müzakirə və qarşılıqlı anlaşma yolu ilə həllini istəyir. İranın şərti budur ki, problemin həllində ədalətə riayət olunsun.

- İranın Xəzər dənizi ilə bağlı hazırkı mövqeyi necədir? Bu il Xəzəryanı ölkələrin Xəzərin hüquqi statusu ilə bağlı razılığa gəlməsi üçün ümid varmı?

- Fikrimcə, Xəzərin hüquqi statusu məsələsində heç bir mübahisə yoxdur. Xəzəryanı ölkələr bu məsələ ilə bağlı bir çox razılığa gəliblər və bu sahədə xüsusi nümayəndələr çalışır. Xəzərin statusu ilə bağlı xüsusi nümayəndələrin sonuncu görüşü iki ay öncə Bakıda keçirilib. İclaslarda Xəzərin hüquqi məsələləri müzakirə olunur və indiyədək Xəzərin hüquqi statusu məsələlərindən 70 faizi ölkələr arasında razılaşdırılıb.

Azərbaycan xarici işlər nazirinin Tehrana səfəri zamanı müzakirə olunmuş məsələlərdən biri də Xəzərin hüquqi statusu məsələsi idi. Cənab Elmar Məmmədyarovun İran Prezidenti Mahmud Əhmədinejadla görüşündə bu məsələ müzakirə olunmuş və prezident razılaşdırılmamış məsələlərin tez bir zamanda həllinə göstəriş vermışdir. Ümid edirəm ki, yaxın gələcəkdə Xəzəryanı ölkələr su hövzəsinin hüquqi statusu məsələsini həll edəcək və 5 ölkə "qarşılıqlı anlaşma"nı bayram edəcək.

- Bu il İran İslam İnqilabının 31-ci ildönümü keçiriləcək. Sizcə, İslam İnqilabının ilkin şüarları (İstiqlal, Azadlıq) bu gün nə dərəcədə həyata keçirilib?

- Bu bir danılmaz həqiqətdir ki, dünya ölkələri arasında bu gün siyasi baxımdan ən müstəqil ölkə İran İslam Respublikasıdır. İran İslam Respublikasında konstitusiya çərçivəsində çoxlu azadlıqlar mövcuddur. İranda prezident seçkilərindən sonra baş vermiş hadisələrə nəzər salsaq, elə bu özü İranda azadlığın olmasına nümunədir. Bu, İran xalqının nə dərəcədə azad olmasını göstərir. İranda qanun çərçivəsində azadlıq olub və olacaq. Fikrimcə, İran İslam Respublikasının ötən 30 il ərzində gördüyü işlərlə İnqilabın ilkin şüarları daha da rəngarən və möhkəm olub. Xalq daha mətinləşib, xüsusilə gənc nəsil ölkənin inkişafı və dəyərləri uğrunda çalışır.

İranda bir çox sahələrdə, o cümlədən sənaye, əkinçilik, kosmos, tibb və müdafiə texnologiyaları və sülh yönlü nüvə texnologiyası sahəsində böyük nailiyyətlər qazanılıb. Həmin nailiyyətlərin əksəriyyəti ölkənin gənc alimləri tərəfindən əldə olunub. Fikrimcə, bu il İran xalqı İslam İnqilabının 31-ci ildönümünü daha da güclü və baş ucalığı ilə keçirəcək.

İran İslam İnqilabı mədəni inqilabdır. İlahi dəyərlər, müstəqillik, azadlıq, ədalət və zülmə boyun əyməmək bu inqilabın xüsusiyyətlərindəndir. Fikrimcə, dünya xalqları bu inqilabdan çox dərslər və nümunələr götürüb. "Sionist rejiminin" silhalı qüvvələri dünyanın beşinci böyük ordusu hesab edilir, lakin Livanın dindar və mübariz xalqı Hizbullahı dəstəkləməklə dünyanın beşinci ordusunu diz çökməyə məcbur etdi. Bu göstərir ki, onların qələbəsinə nəsə mühüm bir amil səbəb olub. Tarixə nəzər salsaq, görərik ki, ərəblər İsrail ilə mübarizədə dəfələrlə məğlubiyyətə uğrayıblar. Lakin Hizbullah İran İslam İnqilabını və İran xalqını özünə nümunə seçərək dünyanın ən güclü ordularından birini diz çökməyə məcbur etdi.

Bu gün Latın Amerikası ölkələrindəki dəyişikliklər də buna nümunə ola bilər. Biz inanırıq ki, daha ədalətsizlik, hegemonluq, insan haqları ilə bağlı ikili standartlar üzərində qurulmuş Qərb mədəniyyətinin sonu çatıb və dünya xalqları oyanıblar, dünya xalqlarının oyanışına ən təsiredici səbəb İran xalqının islam inqilabıdır.

- 30 ildir ki, İran və ABŞ arasında münasibətlər kəsilib, bu münasibətlərin yenidən qurulmasına ümid varmı?

- ABŞ ilə münasibətlərin qurulması onların özlərindən asılıdır. Onlar özləri əlaqələrin kəsilməsində əsas rol oynayıblar. Səbəbi də ABŞ rəsmilərinin hegemonluğu, təkəbbürlüyü və müstəmləkə siyasəti yürütməsidir. Bu xislətlər onlarda əvvəldən də olub və indi də var.

Fikrimcə, əgər ABŞ hökuməti başqalarının işinə müdaxilə etməsə, xalqların hüquqlarına hörmət etsə, İranın ABŞ-da olan dondurulmuş sərmayələrini qaytarsa, ABŞ rəsmiləri öz hegemonluğundan, müstəmləkə siyasətindən əl çəksə, bu, həm ABŞ-ın öz xeyrinə, həm də dünyanın digər ölkələrinin xeyrinə olacaq.

İran İslam Respublikası ilə ABŞ arasında əlaqələrin kəsilməsinə ABŞ rəsmilərinin özləri səbəbkar olub və bizdə bir məsəl var: "Düşmən də xeyrə vasitə ola bilər, əgər Allah istəsə". ABŞ-la əlaqələrin kəsilməsi və ABŞ-ın təzyiqləri nəticəsində biz İranın daxilində bu qədər inkişaf edərək ölkənin çiçəklənməsinə çata bilmişik.

- Hazırda İranın daxilində bəzi siyasi qarşıdurmalar mövcuddur və xarici KİV-lərdə həmin hadisələrlə bağlı müxtəlif fikirlər söylənilir. Bu hadisəni necə qiymətləndirirsiniz?

- İran İslam Respublikasında azadlıq var. Hər kəs öz sözünü deyə bilər. Hər kəs konstitusiya qanunları çərçivəsində bu işi görə bilər. Lakin İran xalqı əcnəbilərin və müstəmləkə siyasəti yürüdən ölkələrin müdaxiləsini istəmir. İran İslam İnqilabının əvvəlindən xalqın məqsədi azadlıq, müstəqillik və müstəmləkəçilikdən, xüsusi ilə ABŞ-ın müstəmləkəçiliyindən xilas olmaq olub. Prezident seçkilərindən sonrakı hadisələrdə də "sionistlərin və amerikalıların" əlinin olduğu açıq-aydın görünür. ABŞ Konqresində İran İslam Respublikası ilə düşmənçilik etmək üçün təsdiq olunan büdcələr göstərir ki, onlar nə qədər zəifdirlər və məqsədlərinə çatmaqda nə qədər acizdirlər. İran xalqının Ali rəhbəri və rejimi dəstəkləmək məqsədi ilə keçirdiyi mitinqlər bütün düşmənlərə vurulmuş möhkəm bir zərbə idi.

İran İslam Respublikası öz tempi ilə hərəkət edir və irəliləyir. İran xalqı yaşayır, məlumatlıdır və hər gün inkişaf etməkdədir. İran xalqı buna layiqdir və ümid edirəm ki, 20 illik inkişaf prespektivi proqramının icrası ilə İran elm, texnologiya və siyasi sahələrdə ən uca zirvədə dayanacaq və dünya idarəetməsində təsiredici rola sahib olacaq.

Xəbər lenti

Xəbər lenti