Azərbaycan, Bakı, 10 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanda müxalifətin parlament seçkiləri qabağı narahatlıq keçirməsinin səbəbləri onların düşdüyü durumla bağlıdır və bu da məntiqlidir. Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
"Müxalifətin sosial dayaqlarının çərçivəsi daralır və getdikcə bu cür proseslərdə iştirak onlar üçün çox çətinləşir. Bu mənada onların narahatlığını başa düşmək olar", - Muradova deyib.
Azərbaycanda parlament seçkisinin bu ilin sonunda keçirilməsi nəzərdə tutulur. Müxalifət parlament seçkisi öncəsi seçkilərdə birgə iştiraka dair danışıqlara başlayıb.
Müxalifətin seçki komissiyalarının paritet əsasla formalaşdırılmasına gəldikdə, Muradova deyib ki, paritet bərabər qüvvələr arasında ola bilər.
"Ona görə Azərbaycanda keçirilən son parlament və ondan sonrakı digər seçkilərin nəticələrinə əsasən paritetliyin hansı qüvvələrlə ola bilməsi ortada deyil, həm də hər kəsin nəyə malik olduğu bəllidir və ona uyğun da seçki komissiyalarının formatı müəyyənləşdirilib", - vitse-spiker əlavə edib.
Muradova deyib ki, komissiyaların yenidən formalaşdırılması məsələsinə yalnız növbəti parlament seçkilərinin nəticəsi nəzərə alınaraq baxıla bilər.