Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir M.Əliyev/
Qətərdə ilk dəfə olaraq Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Mədəniyyət Günlərinin təşkili məsələsi Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin fevralın 15-16-da Qətərə səfəri zamanı müzakirə olunub. Bu barədə Azərbaycanın Qətərdəki səfirliyindən Trend -a bildirilib.
"Səfər zamanı Vəliyev Qətərin mədəniyyət, incəsənət və irs naziri doktor Hamad bin Əbdüləziz əl-Kuvari və nazirliyin məsul şəxsləri ilə görüşüb", - səfirlikdən deyilib.
Azərbaycan Mədəniyyəti Günləri proqramına "Leyli və Məcnun" operasının nümayişi, Qədim Musiqi Alətləri Dövlət Ansamblının çıxışı, rəqs qruplarının çıxışı, rəsm sərgilərinin təşkil edilməsi, xalçalar, qədim geyimlərin nümayişi daxildir. Tədbir bu ilin mayına planlaşdırılıb.
2009-cu ilin iyun ayında Azərbaycanda Qətər Mədəniyyəti Günləri keçirilib.
"Bu il Qətər Yaxın Şərqin mədəniyyət paytaxtı olub və Mədəniyyət Günlərinin keçirilməsi iki ölkə arasında əlaqələrin səviyyəsini göstərir", - səfirlikdən qeyd edilib.