...

Elnur Aslanov: "Azərbaycan Türkiyə ilə həmrəydir, biz Konqresi ermənilərin qeyri-real tələblərindən imtina etməyə çağırırıq"

Siyasət Materials 6 Mart 2010 15:13 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri ABŞ Konqresinin Xarici əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı"na dair qəbul etdiyi qətnaməni jurnalistlərə şərh edib
Elnur Aslanov: "Azərbaycan Türkiyə ilə həmrəydir, biz Konqresi ermənilərin qeyri-real tələblərindən imtina etməyə çağırırıq"

Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri ABŞ Konqresinin Xarici əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı"na dair qəbul etdiyi qətnaməni jurnalistlərə şərh edib

"ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"na dair qəbul etdiyi qərar "ikili standartlar"ın açıq nümayişidir. Birincisi, təkrar hesablamadan sonra bir səs fərq yaranır. İkincisi, ABŞ qanunvericiliyi qismində demokratiya və insan hüquqlarının himayəçisi heç bir tarixi faktlarla təsdiqlənməyən məsələni qaldıraraq ən qərəzli mövqedən çıxış edir. 95 il əvvəl baş vermiş hadisələrlə əlaqədar məsələlərin ABŞ qanunvericilik orqanında müzakirəsi Cənubi Qafqaz regionunda sülhün və stabilliyin bərqərar olmasına yardım etmir. Bundan əlavə, ədalətin öz yerini alması üçün fəal çalışan qanunvericilər bilməlidir ki, məhz erməni tərəfi 1992-ci ilin fevralında Xocalıda insanları məhv etməyin ən amansız üsulları ilə heç bir şeylə müqayisə edilməyəcək bir soyqırım törədiblər. Əgər konqresmenlərə həqiqət vacibdirsə, bu zaman Xarici əlaqələr komitəsi nə üçün Xocalı məsələsini qaldırmır və təqsirkarların cəzalarına çatmasını tələb etmir?

Nə üçün ABŞ Konqresi 1918-ci ilin martında erməni quldur birləşmələri tərəfindən Bakı, Quba, Lənkəran, Salyan və Şamaxıda törədilən azərbaycanlıların soyqırımı məsələsində susur? Nə üçün ABŞ Konqresi milli qəhrəman elan edilmiş kütləvi qırğınların rəhbərləri, əli minlərlə günahsız insanın qanına bulaşmış Hamazasp, Andronik, Nce və Dronun "fikirləri"ni həqiqət kimi qəbul edir? Nə üçün ABŞ Konqresinin Xarici əlaqələr komitəsi artıq 22 ildən çoxdur ki, milyonlarla azərbaycanlının hüquqlarının Ermənistan tərəfindən tapdalanması faktına göz yumur? Soruşun, bəzi konqresmenlərin fəaliyyəti ümumi Amerika cəmiyyətinin maraqlarına, yoxsa şəxsi mənfəətpərəst maraqlara xidmət edir? Bütün bunlar ABŞ-ın Cənubi Qafqazda vəziyyətin stabilləşməsinə dair niyyətinin həqiqiliyini şübhə altına qoyur.

Buna bənzər hər bir addım ABŞ demokratiya idealarına zərbədir. Necə olur ki, demokratik dəyərlər və ideyaları yaymağa çalışan dövlətin qanunverici orqanı bir qrup erməni diaspor təşkilatının və lobbiçilərinin maraqlarını kor-koranə müdafiə edir? Bu cür addımlar ABŞ-ın dünyanın ayrı-ayrı hissələrində sülhü və stabilliyi bərqərar etmək cəhdlərinin ruhuna və məntiqinə ziddir.

Nə üçün Xarici əlaqələr komitəsinin rəhbəri Hovard Berman 27 il Konqresdə olduğunu deyərkən və "soyqırım" məsələsini qaldırarkən, tarixi faktların birgə öyrənilməsi ilə bağlı Türkiyə tərəfinin Ermənistana etdiyi təklifə məhəl qoymur? Lakin əsrlər boyunca türk və Azərbaycan xalqına qarşı nifrət ruhunda tərbiyə olunan erməni diasporu və Ermənistan rəhbərliyi tarixi reallıqlara rasional və konstruktiv baxışlardan imtina edir. "Soyqırım kartı" Türkiyəyə təzyiq göstərmək istəyənlərin əlində xırda pula çevrilib. ABŞ Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin 1915-ci il "soyqırımına" dair qətnaməsi tarixi səhvdir. Türkiyə xalqı xatırlayır ki, 1915-cı ildə böyük dövlətlər bilərəkdən Türkiyə ermənilərinin yaşadıqları ölkəyə xəyanətə sövq ediblər. Bu gün isə onlar öz ambisiyalı maraqları naminə "erməni kartından" istifadə etmək istəyirlər. Lakin heç nə alınmayacaq. Dünya dəyişib. Cənubi Qafqazda qeyri-sabitliyə təşəbbüs göstərənlərin özləri uduzacaqlar. Ümid etmək lazımdır ki, ABŞ Konqresi müdriklik nümayiş etdirəcək.

Bu gün erməni rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsi ətrafında danışıqlar prosesini yubadaraq nəyə can atması ilə bağlı mənzərəsi bizə açıq-aydın təqdim olunur.

Azərbaycan və Türkiyə təkcə geostrateji müttəfiqlər deyil, həm də dil, tarixi və dini baxımdan bağlı dövlətlərdir. Azərbaycan Türkiyə ilə həmrəydir, biz Konqresi ermənilərin xəyali tələblərindən imtina etməyə çağırırıq.

Ermənistan iqtisadiyyatının gündən-günə pisləşdiyi, siyasi vəziyyətin demokratiya normalarına tamamilə zidd olduğu, jurnalistlərin, deputatların və ictimai xadimlərin həbsxanalarda saxlandığı bir şəraitdə ABŞ Konqresi erməni lobbisi ilə birlikdə belə vəziyyətin səbəbləri ilə bağlı məsələləri müzakirə etməli, bütün bunlara ədalətli qiymət verməli idi. Erməni diasporu bilməlidir ki, keçmişə aid olan və real əsaslara söykənməyən qərarların qəbuluna maliyyə vəsaiti yönəldərkən onlar Ermənistanın gələcək problemlərini nəzərə almır. Mənasız qətnamələr böhran dövründə çökmüş iqtisadiyyatı dirçəldə bilməyəcək, regional əməkdaşlığa şərait yaratmayacaq, əksinə, Ermənistanın pis vəziyyətini daha da çətinləşdirəcək. Bir sözlə, qətnamələrlə öz xalqını dolandıra bilməzsən.

Üçüncüsü, insan hüquqlarına və insanlığa qarşı cinayətlərin qarşısının alnması məsələlərinə fəal müraciət edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana xatırlatmaq lazımdır ki, məhz erməni quldur birləşmələri 1905, 1918 və 1992-ci illərdə dinc azərbaycanlılara qarşı soyqırım törədiblər. Ermənistan rəhbərliyinin dəstəyi ilə erməni ekstremistləri tərəfindən onlarla türk və azərbaycanlı siyasi və ictimai xadim qətlə yetirilib. Odur ki, Ermənistanın rəsmi şəxsi insan hüquqları və insanlığa qarşı cinayətlərdən danışmazdan əvvəl öz dövlətinin tarixinə nəzər salmalıdır".

Xəbər lenti

Xəbər lenti