...

Xəzəryanı dövlətlər Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığın əsas prinsipləri üzrə razılığa gəliblər - nazir müavini

Siyasət Materials 12 Mart 2010 17:37 (UTC +04:00)
Xəzəryanı ölkələr Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığın əsas prinsipləri üzrə razılığa gəliblər.
Xəzəryanı dövlətlər Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığın əsas prinsipləri üzrə razılığa gəliblər - nazir müavini

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir Ü.Sadıxova/

Xəzəryanı ölkələr Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığın əsas prinsipləri üzrə razılığa gəliblər.

"Biz Xəzərdə təhlükəsizlik məsələlərində əməkdaşlığın əsas prinsipləri üzrə razılığa gələ bildik və növbəti bir-iki ay ərzində keçirilməsi üçün üzərində işləyəcəyimiz üçüncü iclas çərçivəsində bu əməkdaşlığa cəlb ediləcək strukturların siyahısını müəyyən edəcəyik", - cümə günü Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov martın 11-12-də Bakıda keçirilmiş Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin 23-cü iclasının yekunları üzrə brifinqdə bildirib.

"Xəzəryanı ölkələr təhlükəsizlik sahəsində əməkdaşlığa hazırdır", - Xələfov deyib.

"Bir sıra görüşlər keçirildikdən sonra biz tam razılığa gələ bilərik və bu işlərin reallaşmasına başlaya bilərik, - nazir müavini qeyd edib. - Ən əsası təhlükəsizliyə dair aparılan işlərin müəyyən sistem üzrə getməsi üçün əməkdaşlıq mexanizminin yaradılmasıdır".

Bakıda keçirilmiş iclasda Xəzərdə təhlükəsizliyin təminatı sahəsində sərhəd-gömrük xidmətləri və daxili işlər idarələrinin xətti ilə qarşılıqlı fəaliyyət haqqında saziş layihəsinin razılaşdırılması məsələsi müzakirə olunub.

2007-ci ildə Tehranda Xəzəryanı ölkə başçılarının ikinci sammitində Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya layihəsinin yekun razılaşdırılması və qəbulu üçün gələcək işin konkret istiqamətləri müəyyən olunub.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti