Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir M.Əliyev/
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov martın 18-19-da Osloda "Elektron səsvermənin tətbiq edildiyi seçkilərin müşahidəsi" mövzusunda seminarda iştirak edəcək. Bu barədə Trend -a MSK-nın mətbuat xidmətindən bildiriblər.
Avropa Şurası və Norveçin Yerli Hakimiyyətlər və Regional İnkişaf Nazirliyi tərəfindən keçirilən seminarın məqsədi elektron səsvermənin tətbiq olunduğu seçkilərin müşahidə edilməsi üzrə standart və qaydaları özündə birləşdirən layihənin hazırlanmasıdır. Elektron səsvermənin tətbiq edildiyi seçkilərin müşahidəsi ilə bağlı keçirilən bu seminar müxtəlif ölkələrdən olan mütəxəssislərin biraraya gəldiyi ilk yığıncaqdır.
Mərkəzi Seçki Komissiyası 2003-cü ildən etibarən müzakirəsinə başlanılmış elektron səsverməyə dair standartların işlənib hazırlanmasında iştirak edib.