Azərbaycan, Bakı, 13 aprel /Trend/
Azərbaycanın xarici işləri naziri Elmar Məmmədyarov Almaniya Bundestaqının deputatı, Almaniya-Azərbaycan dostluq qrupunun sədr müavini Viola fon Kramon-Taubadeli qəbul edib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Görüşdə xanım Taubadel Almaniya ilə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək regionda cərəyan edən proseslərlə maraqlanıb.
Məmmədyarov ölkəmizin xarici siyasətinin ən başlıca prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə almaniyalı qonağa ətraflı məlumat verib.
"Münaqişənin tezliklə həlli üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır, sonra regionda bütün kommunikasiyalar açılmalı, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalı, onların yaşayışı üçün normal həyat şəraiti yaradılmalı və sonda Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun statusu müəyyənləşdirilməlidir", - nazir Məmmədyarov yalnız bu nizamlanma şərtləri ilə regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü bildirərkən deyib.
Sonra tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.