...

Azərbaycanın Ukraynadakı Səfirliyi Kiyevdə "XX əsr erməni qurbanları"nın xatirəsinə həsr olunan parkın qurulmasına etirazını bildirib

Siyasət Materials 22 Aprel 2010 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir S.Ağayev/

Azərbaycanın Ukraynadakı Səfirliyi Kiyevdə "XX əsr erməni qurbanları"nın xatirəsinə həsr olunan parkın qurulmasına etirazını bildirib.

"Səfirlik Ukrayna XİN-də və ölkənin müvaviq qurumlarında bir sıra görüşlər keçirib. Görüşlər zamanı sözügedən məsələyə dair Azərbaycan tərəfinin mövqeyi səsləndirilib. Bizim mövqeyimiz Ukrayna qanunvericiliyinə söykənir, Ukrayna qanunvericiliyinə əsasən, parkın qurulması ayrıca bir mövzuya həsr edilə bilməz", - bu barədə Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri İrfan Davudov cümə axşamı bildirib.

Kiyevin Qoloseevski rayon şurası erməni icmasının "erməni soyqırımı"nın 95-ci ildönümünə həsr edilən abidə haqqında təklifi nəzərdən keçirib. Paytaxtın Odessa meydanında abidənin inşasına yerin ayrılması üçün qərar qəbul olunub.

Azərbaycanın Ukraynadakı diasporu Kiyevdə qondarma "erməni soyqırımı qurbanları"na abidə ucaldılması ilə bağlı ölkənin ali rəsmi şəxslərinə etirazını bildirib. Bu barədə çərşənbə günü Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov Trend-ə bildirib.

Onun sözlərinə görə, Konqres Ukrayna Prezidentinə, Ali Radanın sədrinə, xarici işlər nazirinə ermənilər tərəfindən tarixi faktların saxtalaşdırıldığını əks etdirən müraciət ünvanlayıb.

"Biz, həmçinin, Kiyev Şəhər Prokurorluğuna da etiraz məktubu göndərmişik və hesab edirik, bu ədalətsizliyin qarşısını ala biləcəyik", - Gülməmmədov bildirib.

Bundan başqa, Konqres sədri bildirib ki, ermənilərin aksiyasına paralel olaraq, qondarma "erməni soyqırımı"na etiraz əlaməti kimi azərbaycanlıların da aksiya keçirməsi planlaşdırılır.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti