...

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv olunmalıdır – deputat Qüdrət Həsənquliyev

Siyasət Materials 22 Aprel 2010 13:30 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı Azərbaycanla Türkiyə arasında viz rejiminin ləğv olunması təklifi ilə çıxış edib.
Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv olunmalıdır – deputat Qüdrət Həsənquliyev

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir /A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı Azərbaycanla Türkiyə arasında viz rejiminin ləğv olunması təklifi ilə çıxış edib.

"Türkiyə bizi beynəlxalq aləmdə hazırda ciddi formada dəstəkləyən tək dövlətdir, onlar bizim qardaşlarımızdır. Diplomatlar kimi sadə vətəndaşlar da Türkiyəyə sərbəst, vizasız gedib-gələ bilsinlər. Sadə vətəndaşların da qardaş ölkəyə sərbəst şəkildə gedib-gələ bilməsi üçün lazım olan şərait yaradılmalıdır", - Trend-in məlumatına görə, cümə axşamı jurnalistlərə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Həsənquliyevin sözlərinə görə, Azərbaycan vətəndaşları hansı ölkəyə daha çox gedirlərsə, həmin dövlətlərlə də viza rejimi aradan qaldırılmalıdır. "Bizim vətəndaşlarımızın ən çox getdiyi ölkə qardaş Türkiyədir, buna görə də xarici işlər naziri Parlamentə gəlməli və izahat verməlidir ki, viza rejiminin aradan qaldırılmamasının səbəbi nədir. Yaxud bunun səbəbini kim bilirsə, açıqlama versin; bilək ki, Türkiyə ilə viza rejiminin ləğv olunmaması nə ilə bağlıdır", - millət vəkili əlavə edib.

Onun fikrincə, Rusiya ilə Türkiyə may ayında viza rejimini aradan qaldırmağa hazırlaşırsa, Azərbaycanda da bu addım atılmalıdır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir müddət əvvəl deyib ki, Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv olunması üzərində iş davam edir. Məmmədyarov qeyd edib ki, sazişin hazırlanmasında bəzi bürokratik problemlər var və onlar aradan qaldırılandan sonra imzalanacaq. Nazir bu sənədin bu il imzalanacağını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti